Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Xədicə Ağayeva — həyatı və yaradıcılığı.
Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə Ufa türklərindən olan, çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində dünyaya gəlib. O, bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil alıb. Onların ikisi də gimnaziyada əla qiymətlərlə oxuyub, Zeynəb qızıl, Xədicə isə gümüş medalla bitirib.
Sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil alıb.
Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurub Cütlüyün üç qızı olub: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlib. Xədicə xanım Ağayevanın həyatı və fəaliyyəti akademik Rafael Hüseynov tərəfindən araşdırılıb O yazır: "Xədicəyə xaçpərəstliyi qəbul edərsə, gimnaziyada müəllim yeri təklif edilmişdi. Lakin o, özünü, ailəsini, dini heysiyyətini təhqir olunmuş sayaraq qapını çırpıb çıxmışdı.
Və Xədicə günlərin birində bacısından məktub alır ki, bəs Peterburq qəzetlərində elan var, Bakıda Tağıyevin qız məktəbinə müsəlman qızlarından müəllimlər tələb olunur. Xədicə dərhal Hacıya məktub yollayır və tezliklə müsbət cavabla birgə yolpulu da gəlir…". 1901-cı ildə Tağıyevin qız məktəbi açılır və Xədicə burada işə başlayır. 1902–1906-cı illərdə məktəbdə müəllim işləyən Xədicə xanım 1906-cı ildə həyat yoldaşı Həsən bəy Ağayevlə birlikdə Güney Azərbaycana köçərək 1907-ci ilə qədər burada yaşayıb.
Daha sonra Bakıya, 1909-cu ildə isə Həsən bəyin anadan olduğu Gəncə şəhərinə gələn Xədicə xanım, Gəncədə Əsgər ağa Adıgözəlov (Gorani) tərəfindən açılan qız məktəbinin müdiri vəzifəsində çalışıb. O, Gəncənin ictimai işlərində də fəallıq göstərib. Xədicə xanım 1915-ci ildə Gəncə "Müqəddəs Nina" Yerli Qadın Xeyriyyə Cəmiyyətinin qurucularından və idarə heyətinin üzvlərindən biri olub.
4 sentyabr 1919-cu ildən o, Bakıdakı Azərbaycan birinci milli qadın gimnaziyasının (keçmiş "Müqəddəs Nina" qız məktəbinin) müfəttişi təyin edilib. Sonrakı illərdə Bakı Darülmüəllimatında (qadın müəllimlər texnikumunda) müəllim kimi çalışıb. 1946-cı ildə Sovet hökuməti tərəfindən– Bakıdakı 132 saylı məktəbdəki səmərəli işinə və Azərbaycan maarifinə 40 ildən artıq nümunəvi xidmətinə görə Xədicə xanım Ağayevaya "Lenin ordeni" verilib.
1958-ci il, dekabrın 13-də Bakıda vəfat edib. ALLAH RƏHMƏT ELƏSİN!
