Qumru Nərimanova — həyatı və yaradıcılığı

Şrift
Qumru Nərimanova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Qumru Nərimanova — həyatı və yaradıcılığı.

Qumru Nərimanova 1892-ci il, noyabrın 3-də Tiflisdə doğulub. Nəriman Nərimanovun əmisi Molla Əlimirzənin nəvəsidir. O, ömrünün yarım əsrdən artıq bir dövrünü mədəni-maarif işi ilə məşğul olub, hətta "Lenin" ordeninə layiq görülüb.

Azərbaycanda qadın və qızların məktəbə cəlb edilməsində, onların təhsil alması, ölkədə savadsızlığın aradan qaldırılması, eləcə də ölkəmizdə mədəni-maarif işinin inkişafında müəyyən rolu və xidmətləri var. Dövlət Tarix Arxivində Aleksandrinski qadın rus-müsəlman məktəbinin məzunu, dövrünün tanınmış qadın pedaqoqlarından sayılan Qumru xanım Molla Məhəmməd qızı Nərimanovanın həyat və pedaqoji fəaliyyəti haqqında xeyli sənədlər qorunub saxlanılır. Arxivin “Bakı – Dağıstan xalq məktəblərinin rəhbərliyi” adlı 309 saylı fondunda bu maarifçi xanımın şəxsi işi mövcuddur.

Sabir Gəncəlinin hazırladığı "Qadın, Gözəllik və Ülviyyət" adlı ensiklopedik toplunun "Nərimanovlar soyadının davamçıları" adlı bölməsində Qumru Nərimanova haqqında müəyyən məlumatlar qeyd edilib. Qumru xanım 1908-ci ildə Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin təlim kursunu bitirib. Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyası sədrinin Bakı Quberniyası və Dağıstan Vilayətinin Xalq Məktəblərinin direktoru A.

S. Tixorjevskiyə ünvanladığı 3 yanvar 1912-ci il tarixli məktubda bildirilirdi ki, məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında I şəhər qadın rus-tatar məktəbində müəllimə vəzifəsinə Qumru xanım Nərimanovanı seçmişdir. Digər arxiv sənədində göstərilirdi ki, o 1915-ci il fevralın 5-də Şuşa şəhər sakini, Almaniyada ali mühəndis təhsili almış Həbib Kərbəlayi Əli oğlu Kərimovla qanuni nikaha daxil olub və bu nikahdan 1915-ci il avqustun 13-də Murad adlı oğlu dünyaya gəlib.

Onlar Bakıda, İmişlidə yaşadıqları illərdə xalq maarifi işində çalışıb, bir sıra orta məktəblərdə Azərbaycan dilindən dərs deyiblər Qumru xanım Nərimanova H. Z. Tağıyevin rus-müsəlman qız məktəbinin bir qrup tanınmış müəllimələri, o cümlədən, Hənifə xanım Məlikova, Məryəm xanım Sulkeviç, Asiya Nərimanova, Minə Rəhimova, Ayna Musabəyova və başqaları ilə birgə pedaqoji fəaliyyət göstərib.

Bu məktəbi bitirmiş onlarla azərbaycanlı qız sonrakı dövrlərdə xalqımızın mədəni tərəqqisində, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak edib. Qumru xanım ictimai-mədəni həyatda da fəal olub, dəfələrlə Bakı Şəhər Sovetinə deputat seçilib. 1969-cu ildə Bakıda vəfat edib…

Allah rəhmət eləsin!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗