Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Baxış bəy Rüstəmbəyov — həyatı və yaradıcılığı.
Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyanda doğulub. AXC Parlamentinin üzvü olub. 1890-cı ildə Bakı realnı məktəbini bitirib və həmin ildə Moskva texniki məktəbinə daxil olub.
Lakin, bu məktəbdə təhsilini başa vurmadan 1893-cü ildə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə daxil olub. Buraxılış ərəfəsində tələbə hərəkatında iştirakına görə institutdan xaric edilib, lakin, tezliklə bərpa olunub. İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, 1906-cı ilə qədər Şəmsi Əsədullayevin yanında müdir müavini işləyib.
Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifəni icra edib, balıqçılıq sahəsində, 1910-1917-ci illərdə isə neft mədənlərində çalışıb. B. Rüstəmbəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Salyandan Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilib.
Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasını təmsil edib. Sovet hakimiyyəti illərində Azərbaycanın yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışıb, həmçinin, balıqçılıq institutu və texnikumunda, Xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda dərs deyib. 1939-cu ildə repressiyaya məruz qalıb.
1942-ci ildə həbsdən azad olunub, lakin, sürgündən Bakıya qayıdarkən yolda vəfat edib…
