Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmmədrza Hacı Mansur oğlu Vəkilov 8 mart 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində d….
Məmmədrza Hacı Mansur oğlu Vəkilov 8 mart 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində doğulub. 1887-ci ildə Tiflis Klassik Gimnaziyasını, 1893-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib. Türkiyənin Qars şəhərində həkim işləyib.1900-cü ildə Bakıya gəlib və bir il sonra burada poliklinika açıb.
Qafqaz İmperator Tibb Cəmiyyətinin həqiqi üzvü idi (1900). 1905-15-ci illərdə Bakı Şəhər Dumasının, 1914-17-ci illərdə isə şəhər rəisi yanında neft işləri daimi komissiyasının üzvü olub. 1918-ci il fevralın 10-da Zaqafqaziya Seyminə üzv seçilib.
1918-ci ilin dekabrında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı və "Müsavat" fraksiyasının üzvü seçilib, səhiyyə və maarif sahələri ilə məşğul olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920 və 1937-ci illərdə iki dəfə həbs olunub, lakin əleyhinə heç bir dəlil-sübut tapılmadığına görə azad edilib. Torpaq məsələlərini yaxşı bildiyindən 1922-ci ildə Azərbaycan-Gürcüstan sərhədini müəyyənləşdirən komissiyaya cəlb edilib.
Onun və Mamay bəy Şıxlinskinin təkidindən sonra sərhəd Poylu stansiyasından götürülərək, Böyük Kəsik stansiyasından o biri tərəfə qoyulub, Qarayazı və Ceyrançöldəki qışlaq yerləri Azərbaycanın hüdudlarında saxlanılıb. Vəkilov 1924 ildə təqaüdə çıxsa da, həkimlik fəaliyyətini davam etdirib. 1944-cü ildə Bakı şəhərində vəfat edib…
