Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Mirkazım bəy Talışxanov — həyatı və yaradıcılığı.
… Mirkazım bəy Talışxanov 1855-ci ildə Bakıda doğulub. Atasının hərbi sənətini davam etdirən Mirkazım bəy 21 yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib.
Cəmi 1 illik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Osmanlı dövlətinə müharibə elan edəndə Mirkazım bəy də cəbhəyə gedir. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov bürünc medalla təltif olunur. 1882-ci ilə aid sənəddə göstərilir ki, əla atıcı olduğuna görə avqustun 26-da ona birinci dərəcəli mükafat verilib və 74 manat pulla mükafatlandırılıb.
2 il sonra Tiflisdəki yunkerlər məktəbinə müəllim təyin olunan Mirkazım bəy Talışxanova ştabs-kapitan rütbəsi verilir. Yaxşı komandir kimi onu "axsayan" rotaya komandir təyin edirlər. 1899-cu ildə podpolkovnik Mirkazım bəy Talışxanov 119-cu Kolomensk piyada alayına, bir il sonra isə səksən ikinci Dağıstan alayına, 1904-cü ildə iki yüz altıncı Larqa-Kaqul ehtiyat piyada alayına, bir neçə aydan sonra isə 55-ci piyada batalyonuna komandan təyin olunur. Orduda uzun illər qüsursuz xidmətinə görə 1914-cü ildə Mirkazım bəy Talışxanov general-mayor rütbəsinə layiq görülür. 1916-cı ildə general-mayor rütbəsində istefaya çıxır.
Topoqrafiya general-mayoru İbrahim ağa Vəkilovla yaxın dost olan Talşışxanov Tiflisdəki Qafqaz müsəlman xeyriyyə cəmiyyətində onunla birgə fəaliyyət göstərirdi. Cəmiyyətin sədri İbrahim ağa Vəkilov, katibi isə Mirzə kazımbəy Talışxanov idi. Az sonra bu səmimi dostluq qohumluğa çevrildi.
İbrahim ağa Vəkilovun böyük oğlu Faris bəy (AXC-nin Gürcüstanda diplomatik nümayəndəsi olub) , Mirkazım bəy Talışxanovun qızı Liyabəyimlə ailə həyatı qurur. AXC hökuməti dövründə, 1920-ci ildə Lənkəran dairə müfəttişi vəzifəsində şərəflə çalışan general-mayor Mirzəkazım bəy Talışxanov 1938-ci ildə, 84 yaşında Bakıda vəfat edib…
