Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bakının Qaraçuxur qəsəbəsi uzun illər (1964-1992-ci illər) Aleksandr Serebrovskinin adını….
Bakının Qaraçuxur qəsəbəsi uzun illər (1964-1992-ci illər) Aleksandr Serebrovskinin adını daşıyıb. Aleksandr Serebrovski 1884-cü ildə Ufa şəhərində doğulub, gimnaziyanı bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna qəbul olunub, amma o, bu təhsil ocağını bitirə bilməyib. Tələbə hərəkatına qoşulduğundan yerli inzibati orqanlar onun haqqında şəhəri məcburi tərk etmək qərarını çıxarıb.
Bu hadisədən sonra o, özünü bütövlükdə bolşevik hərəkatına həsr edib, siyasi proseslərin ən fəal üzvünə çevrilib, hətta Leninlə yaxından tanış olmağa da nail olub. O,bolşevik rəhbərlərinin məxfi tapşırıqlarını icra edib və siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs edilib. 1908-ci ildə Serebrovski Belçikaya mühacirət edib. O, bu ölkədə ali texniki məktəbdə təhsil alıb və 1912-ci ildə yenidən Rusiyaya qayıdıb.
Araşdırmaçı İlham Cəmiloğlu yazır ki, Serebbrovski Leninlə ilk dəfə 1905-ci ildə tanış olub. Proletarların rəhbəri Serebrovskini gələcəyin böyük siyasətçisi adlandırıb. Onlar daha sonra 1909-cu ildə Parisdə görüşüblər.
Bu görüş zamanı Serebrovski Leninin məxfi tapşırıqlarını yerinə yetirib. Oktyabr inqilabının ən fəal iştirakçılarından biri olan Serebrovski inqilabddan sonra Xalq Ticarət Komissarlığı kollegiyasının üzvü seçilib, qırmızı ordunun təchizatı üzrə fövqəladə komissiyanın sədr müavini vəzifəsində çalışıb. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Serebrovski Leninin təşəbbüsü ilə Bakıya göndərilib.
O, Azərbaycan Neft Komitəsinə ("Azneft") sədr təyin edilib. Məhz bu ərəfədə Serebrovski Azərbaycanda yığılıb qalmış 5 milyon ton nefti Rusiyaya göndərib. Bolşeviklər Azərbaycanı ilk olaraq neftlə talamağa başlayıblar ki, bu işdə də Serebrovskinin “əvəzsiz” xidmətləri olub.
Onun bu “bacarığını” Lenin yüksək dəyərləndirib. Serebrovski öz qeydlərində həmin günləri belə xatırlayıb: “İliç məni yanına çağırmışdı. Bilirdim ki, bu dəvət vacib bir məsələ ilə bağlı olacaq.
Həmin ərəfədə yeni qurulmuş SSRİ-də neft və yanacaq qıtlığı yaşanırdı. Lenin bu problem haqqında mənə ətraflı danışdı və bildirdi ki, Bakıda nə qədər neft ehtiyatı varsa təcili və itkisiz Rusiyaya daşınmalıdır və bu missiyanı mənə həvalə etdi…” 1927-ci ildə Serebrovski SSRİ Xalq Təsərrüfatı Ali Sovetinin sədr müavini vəzifəsinə təyinat alıb. Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyət də göstərib.
Azərbaycan Politexnik İnstitutunda mühazirələr oxuyub. 1937-ci ilin repressiya dalğaları Serebrovskidən də yan keçməyib. Ancaq o, digərlərindən fərqli olaraq təkcə antisovet fəaliyyətdə deyil, daha bir neçə cinayətdə ittiham olunub.
23 sentyabr 1937-ci ildə həbs edilib. Onu hakimiyyətə qarşı terror-təxribat təşkilatçılığında, xarici kəşfiyyat orqanlarına işləməkdə, dövlət sirlərinin xaricə ötürülməsində, qızıl və platin fırildaqlarında, “NKVD” rəhbəri Nikolay Yejova sui-qəsdə cəhddə və s. ittiham ediblər. 5 aylıq istintaq dövründə Serebrovski haqqında açılan cinayət işi bir neçə cilddən ibarət olub.
1938-ci ildə onlar SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasına təqdim edilib. Fevralın 8-də hərbi kollegiya Serebrovski haqqında hökm çıxarıb: Şəxsi əmlakı müsadirə olunmaqla güllələnmə. Hökm 10 fevral 1938-ci ildə icra edilib.
19 may 1956-cı ildə Serebrovski (ölümündən sonra) tam bəraət alıb. Bəraətindən sonra küçələrə, xiyabanlara, qəsəbələrə, təhsil ocaqlarına onun adı verilib. O cümlədən, 1964-cü ildən Bakıdkı Qaraçuxur qəsəbəsi də 1992-ci ilə qədər Serebrovskinin adını daşıyıb.
Yer gəlmişkən qeyd edək ki, Qaraçuxur 1923-cü ildən Kaqanoviç qəsəbəsi, 1939-cu ilin dekabr ayından isə Kaqanoviç rayonu adlandırılıb. 26 sentyabr 1955-ci ildə Bakı şəhəri Orconikidze rayonunun tərkibinə verilib və yenidən Kaqanoviç (Lazar Kaqanoviç də bolşevik və sovet dövlət xadimi olub) qəsəbəsi adlandırılıb. 31 avqust 1957-ci ildə Qaraçuxur qəsəbəsi, 26 may 1964-cü ildə isə bu ad Serebrovski adı ilə əvəz olunub.
Azərbaycan Respublikası Ali Sovetinin 29 aprel 1992-ci il tarixli qərarı ilə qəsəbə yenidən Qaraçuxur adlandırılıb…
