Fuad Xan Talışinski — həyatı və yaradıcılığı

Şrift
Fuad Xan Talışinski — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fuad Xan Talışinski — həyatı və yaradıcılığı.

Fuad Xan Talışinski 1896-cı il yanvar ayının 1-də Tiflis şəhərində Talış xanları nəslindən olan polkovnik Məmmədhəsən bəy Talışxanovun ailəsində doğulub. Talış xanı Mir Mustafa xanın nəticəsidir. Atası Məmmədhəsən bəy Talışxanov cəbhədə həlak olduqdan sonra əmisi Mirkazım bəy Talışxanovun qəyyumluğuna keçib.

Tiflis Kadet Korpusunu fərqlənmə diplomu ilə bitirib. Çar Rusiyası ordusunda rotmistr rütbəsinə qədər yüksəlib. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda (1918-1919) əvvəlcə 1-ci piyada Cavanşir alayının batalyon komandiri olub.

Sonra isə 1-ci piyada diviziyasının komandanı general-mayor Cavad bəy Şıxlinskinin adyutantı kimi xidmət edib. Sovet dövründə (1920-1930) Qızıl Orduda müxtəlif hərbi vəzifələrində çalışıb: 01 iyun, 1920-ci il: Birinci Azərbaycan Fəhlə və Kəndli Atıcı alayının əks-kəşfiyyat qrupunun rəhbəri; 01 iyul,1920 -ci il: Birinci Azərbaycan Fəhlə və Kəndli Atıcı alayının kəşfiyyat rəhbəri; 06 dekabr 1920-ci il:Gəncə rayon hərbi qeydiyyatı və qəbul idarəsinin hərbi rəisinin köməkçisi; 14 aprel 1921-ci il: müvəqqəti diviziya komandiri; 17 sentyabr 1921-ci il: Az. SSR xüsusi donanma məktəbi rəisinin köməkçisi; 18 dekabr 1921-ci il: Birləşmiş hərbi komandanlıq məktəbinin rəhbəri və Buxara Sovet Sosialist Respublikası təlim briqadasının komissarı; 05 fevral 1922-ci il: Buxara Sovet Sosialist Respublikası Qırmızı Ordusunun birləşdirilmiş hərbi komandanlıq kurslarının rəhbəri; 4 mart 1924-cü il: Qafqaz Qırmızı Bayraq Ordusunun Azərbaycan Atıcı Diviziyasının 2-ci alayının qərargah rəisi; 1930-cu il: Gəncə şəhərinin hərbi müfəttişliyində hərbi təlim müəllimi; 1920-ci illərdə Mərkəzi Asiyada xidmət edib, basmaçı hərəkatına qarşı mübarizədə fərqlənib.

Buxara Sovet Sosialist Respublikası tərəfindən müxtəlif orden və medallarla mükafatlandırılıb, Qızıl Orduda polkovnik rütbəsinə qədər yüksəlib. Sonuncu vəzifəsi 1930-cu ildə Gəncə şəhərinin hərbi müfəttişliyində hərbi təlim təlimatçısı olub və həmin ildə həbs edilib. Fuad Xan Talışinski bir neçə maddə ilə ittiham edilib.

İrəli sürülən ittihamlardan heç birində özünü təqsirkar bilməyib. Talışinski "Azərbaycan Milli Mərkəzinin" üzvü olmaqda günahlandırılıb. Azərbaycan Baş Siyasi İdarəsinin kollegiyası tərəfindən 1931-ci il sentyabrın 1-də çıxardığı qərar ilə güllələnməyə məhkum edilib.

Lakin, 1932-ci il fevralın 8-də Zaqafqaziya Baş Siyasi İdarəsinin qərarı ilə cəzası yüngülləşdirilib və 5 il islah düşərgəsində keçirməklə əvəz edilib. Cəza müddəti bitdikdən sonra Gəncəyə qayıdıb, mühasibat uçotunu müstəqil şəkildə öyrənib və 3 il Kirovabad (indiki Gəncə) meyvə-tərəvəz trestində baş mühasib vəzifəsində çalışıb. 1941-ci ildə Sovet rejiminin əleyhdarları ilə əlaqədə olmaq ittihamı ilə yenidən həbs edilib.

Məhkəmənin hökmündən sonra cəzasını Novokuybışevskdə (1941-ci ildən) çəkib. Təxminən 1943-cü ildə həbsxanada vəfat edib… Həyat yoldaşı – Lyudmila Vasiliyevna Nikolskaya, Gəncədə tanınmış həkimin qızıdır.

Rus-yapon müharibəsinin iştirakçısı, tibb elmləri doktoru Vasili Matveyeviç Nikolski Yelizavetpol hərbi xəstəxanasının baş həkimi olub. Oğlu-Talışinski Həsən Fuad oglu (14 iyun 1920, Gəncə – 6 may 2020, Bakı), Böyük Vətən Müharibəsinin iştirakçısı, süvari dəstəsində xidmət edib, bir müddət Marşal Budyonnının cangüdəni olub. Stalinqrad və Kursk qövsü döyüşlərinin iştirakçısı olub.

İki dəfə ağır yaralanıb və iki dəfə kontuziya alıb. Müharibədən ikinci dərəcəli əlilliklə geri qayıdıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗