Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə “Hidayət” Xeyriyyə Cəmiyyəti — həyatı və yaradıcılığı.
“Hidayət” Xeyriyyə Cəmiyyəti 1904-cü ildə yaradılıb. İdarə heyətində Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Mirməhəmməd Kərim Bakuvi, Molla Ruhulla Məmmədzadə, Əhməd bəy Ağaoğlu, Mustafa bəy Əlibəyov və digərləri təmsil olunub. Cəmiyyətin nizamnaməsini Əhməd bəy Ağaoğlu yazıb.
Cəmiyyətin üzvləri öz fikirlərinə və əməllərinə görə daim cinayətkarlar və dini radikallar tərəfindən təqiblərə məruz qalıblar. Onların əsas məqsədi Bakıda insanları narahat edən qoçular və qatillərlə mübarizə aparmaq, dini fanatizmin qarşısını almaq olub. Camaatı incidən, küçələrdə qadınları təhqir edən şəxslər cəmiyyətin üzvləri tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu.
Cəmiyyətin dəstəyi ilə 1906-ilin noyabrın 17-də şəhərdə insanları narahat edən bir neçə qoçu haqqında cəza tədbiri görülür. Onlardan biri də Novxanıda yaşayan Məşədi Hacı oğlu idi. İllər sonra, 1912-ci il yanvarın 16-da fürsət tapan Məşədi Hacı qisas almaq üçün cəmiyyətin üzvü Molla Ruhulla Məmmədzadəni öz evində qətlə yetirir.
1913-cü ildə onun öldürülməsi ilə bağlı məhkəmə prosesində cəmiyyətin katibi Mustafa bəy Əlibəyov iştirak edib.“Hidayət” cəmiyyəti dini fanatizm adətlərinə, şaxsey-vaxsey və bu kimi digər mərasimlərə qarşı çıxırdılar. Bu adət və mərasimlərin insanlara ancaq zərər verməsi ilə bağlı cəmiyyət insanlara müraciət edir. Cəmiyyətin katibi Mustafa bəy Əlibəyov isə bu barədə “İrşad” qəzetində məqalə yazır.
Bu müraciət şəhərin fanatik dindarları tərəfindən qəzəblə qarşılanır. Hətta bəziləri cəmiyyətin üzvləri qazı Mir Məhəmməd Kərimin və Mustafa bəy Əlibəyovun başının kəsilməyini tələb edirlər. Daha sonra Məhəmməd Kərimin evini qapısını yandırırlar.
Mustafa bəy Əlibəyov isə təqiblərdən azad olmaq üçün bir müddət öz evindən çıxmır. Cəmiyyətin katibi olan Mustafa bəy Əlibəyov Bakı neftini xarici kapitalın inhisarından xilas edərək xalqın rifahına sərf etmək məqsədilə cəmiyyətin nəzdində "Hidayəti-islamiyyə" neft şirkəti yaratmağa təşəbbüs göstərib. Bu məqsədlə şirkətin 27 bənddən ibarət nizamnaməsini də tərtib etmişdi…
