Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Əlirza Rasizadə — həyatı və yaradıcılığı.
… Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində din xadimi Hacı Molla Abdulla Rasizadənin ailəsində doğulub. 3 qardaş – Məhəmməd, Hüseyn Cavid və Əlirza Rasizadə milli mədəniyyətin təkamülündə 3 cərəyan və ictimai-siyasi fikrin 3 istiqaməti ilə eyniləşdirilir, çünki, Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rusca təhsil alıb, müvafiq təsirin təbliğatçısı olublar.
Naxçıvan şəhərində Əlirzanın müəllimi Cəlil Məmmədquluzadə olub. Seminariyanı bitirdikdən sonra Əlirza Naxçıvana qayıdır, orada rus dili və ədəbiyyatı müəllimi kimi məktəbdə dərs deyir. Naxçıvan qəzasının xalq təhsili departamentinin rəisi vəzifəsinə yüksəlir.
Müsəlman əhalisi arasında rus dili və mədəniyyətinin yayılmasındakı uğurlarına görə Əlirza Rasizadə 1914-ci ildə “Müqəddəs Stanislav” ordeni ilə təltif edilib, 1913-ci ildə isə Romanovlar sülaləsinin 300 illik səltənəti ilə əlaqədar xatirə medalına layiq görülüb. 1918-ci ildə Əlirza ailəsi ilə birlikdə Bakıya köçüb və AXC parlamentinin dəftərxanasında stenoqrafist işləyib. 28 aprel 1920-ci il işğalından sonra İnqilab Komitəsindəki yoldaşlarının dəstəyi ilə Naxçıvana göndərilir. İnqilabdan əvvəlki dövrdə o, öz pamfletləri və felyetonlarını Kantor ləqəbi ilə imzalayıb – o zamanlar, islam cəhalətpərəstlərinin təqibindən qaçmaq üçün, müəlliflərin əksəriyyəti belə ediblər.
Əlirza müsəlman fanatizmini amansızlıqla satira atəşinə tutub. Əlirza (Kantor) qələm yoldaşları ilə xüsusi kinayə ilə polemika aparıb. Sovet hakimiyyəti qurulduqdan sonra eyni şeyləri artıq öz adı altında yazıb.
1921- ci ildə Sovet-Türkiyə müqavilələrinə əsasən, Naxçıvan Sovet Respublikası Azərbaycanın himayəsi altında muxtariyyət statusu alır və Əlirza Rasizadə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə nümayəndə kimi göndərilir. Burada o, Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, Sergey Kirov, Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Nəriman Nərimanov, Ruhulla Axundov kimi dövrün tanınmış dövlət xadimləri ilə çiyin-çiyinə çalışır. Rus dilini mükəmməl bilən, uzun illər rus təhsili və mədəniyyətinin təsiri ilə tərbiyələnən ziyalı olaraq, Əlirza bəy Azərbaycanın 1922 – ci il dekabrın 30-da SSRİ-yə qoşulmasını böyük coşqu ilə dəstəkləyir.
O inanırdı ki, Sovet İttifaqının tərkibində Azərbaycan cəhalətdən, gerilikdən uzaqlaşacaq, inkişaf edəcək və Avropa mədəniyyətinə daha çox yaxınlaşacaq, həyat səviyyəsi isə Rusiyaya çatacaq. Ancaq arzusunda olduğu siyasi rejim Azərbaycanda öz hakimiyyətini elan etdikdən sonra baş verən hadisələri Əlirza bəy ümidlər və illüziyalarla qarşıladı. Cəmi üç il ərzində erməni daşnaklarının yüksək vəzifələrə çəkilməsi, məmur özbaşınalığının günü-gündən artması Əlirza Rasizadə publisistikasında əsas tənqid hədəfinə çevrildi…
… Əlirza Rasizadə Naxçıvanda xalq maarifi komissarı işləyib. Naxçıvanın sovetləşdirməsindəki xidmətlərinə görə 1922-ci ildə Azərbaycan SSR “Əmək” ordeni ilə təltif edilib.
1923-cü ilin noyabrında kənd rayonlarına ezamiyyət zamanı bir dağ çayından keçərkən, suya yıxılıb, ağciyərinə su dolub və nəfəs ala bilmədiyindən vəfat edib. Bakıda, Çəmbərəkənd qəbiristanlığında dəfn edilib. Sovet hakimiyyətinə xidmətlərinə görə ölümündən sonra, 1923-cü ildə Azərbaycan SSR “Qırmızı bayraq” ordeni ilə təltif olunub…
