Azərbaycanın görkəmli pedaqoqu və maarif xadimi Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov…

Şrift
Azərbaycanın görkəmli pedaqoqu və maarif xadimi Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanın görkəmli pedaqoqu və maarif xadimi Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov….

Azərbaycanın görkəmli pedaqoqu və maarif xadimi Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov 1856-cı ildə Şuşa şəhərində doğulub. Molla yanında təhsil alarkən ərəb və fars dillərinə mükəmməl yiyələnib. 1875-1879-cu illərdə Şuşa şəhər məktəbində təhsil alıb.

1879-cu ildə A. O. Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparır, zirək və bacarıqlı olduğunu görüb onu Zaqafqaziyada (Qori) Müəllimlər Seminariyasının nəzdində açılan Azərbaycan bölməsinə aparır və seminariyanın 2-ci sinfinə qəbul edir.

Səfərəli bəy Qori Müəllimlər Seminariyasını bitirən ilk 3 azərbaycanlıdan biridir və ömrünün 18 ilini pedaqoji işə sərf edib. C. Məmmədquluzadə, N.

Nərimanov, S. S. Axundov və bir çox məşhurlar ibtidai təhsillərini Səfərəli bəy Vəlibəyovdan alıblar.

Qori Müəllimlər Seminariyası nəzdində açılmış ibtidai məktəbə müəllim olmadığına görə Çernyayevski özü rəhbərlik edirdi, məktəbdə şagirdlərə Azərbaycan və rus dillərində dərs keçilirdi, onlar əsas şöbəyə hazırlanırdılar. Çernyayevski sonralar bu vəzifəni S. Vəlibəyov üçün hazırlamışdı. 1881-ci ildə seminariyanı bitirən S.

Vəlibəyov burada rəhbər kimi saxlanılır və 1896-cı ilə qədər fəaliyyət göstərir. 1883-cü il yay tətili zamanı Şuşada istirahət edən S. Vəlibəyov burada bir məktəb açaraq uşaqlara savad öyrədirdi.

Onun məktəbində müxtəlif təbəqələrdən 25 nəfər şagird təhsil alırdı. Maraqlıdır ki, o, tədrisi səs üsulu ilə aparırdı və yerli mütəxəssislərə bu üsulun üstünlüyünü izah edirdi. XIX əsrin 90-cı illərində Qafqaz təhsil orqanının bəzi mürtəce başçıları Azərbaycan dilini seminariyanın tədris proqramından çıxarmağa cəhd edirdilər.

S. Vəlibəyov buna qarşı çıxmışdı. Onun bu prinsipiallığı Qori Müəllimlər Seminariyasından azad olunması ilə nəticələnmişdi.

Onun “Vətən dili” dərsliyi, rus dilindən etdiyi tərcümələr, “Qüdrəti-Xuda”, “Üsuli-cədid”, tarix, ədəbiyyat, coğrafiya kitabları və “Xəzineyi-əxbar” adlı ensiklopedik səciyyəli əsəri uzun illər azərbaycanlı uşaqların sevdikləri kitablar olub. Səfərəli Vəlibəyov 1895-ci il yanvarın 1-də yüksək səviyyəli pedaqoji xidmətinə görə III dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu. S.

Vəlibəyov 1896-cı ildə Bakıya köçür və burada 2 il müəllimlik edir. Daha sonra Bakı Gömrükxanasında tərcüməçi vəzifəsində çalışır. Son olaraq onu da qeyd edək ki, Səfərəli bəy Bəhmən Mirzə Qacar-Qovanlının qızı Xurşud xanım ilə ailə qurub və onların Nigar xanım və Sürəyya xanım adlı qızları dünyaya gəlib.

Səfərəli bəy Vəlibəyov 1902-ci il, avqustun 31-də Bakıda ürək xəstəliyindən vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗