Badisəba xanım Vəkilova — həyatı və yaradıcılığı

Şrift
Badisəba xanım Vəkilova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Badisəba xanım Vəkilova — həyatı və yaradıcılığı.

Badisəba xanım Vəkilova 1881-ci ilin martında Qazax qəzasının Salahlı kəndində doğulub. 1897-ci ildə, 17 yaşında Firidun bəy Köçərli ilə ailə qurub və onun soyadını qəbul edib. Şəkidə 2 saylı uşaq evinin direktoru işləyərkən həmin uşaq evində yaşayan Roza Hədibullah qızı Həşimova adlı uşağı övladlığa götürüb.

Badisəba xanım 1918-ci ildə Qazaxda öz vəsaiti hesabına Firidun bəy Köçərli ilə birlikdə "Yetim və qaçqın uşaqlar evi" açıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifi sahəsində Badisəba xanımın atdığı ilk ciddi və xeyirxah addım onun yenicə təşkil edilməkdə olan xalq məktəblərinə köməyi ilə əlaqədardır. O, Qazax məktəblərinə maddi cəhətdən xeyli kömək edib, M.

F. Axundovun, C. Məmmədquluzadənin, R.

Əfəndiyevin, F. Köçərlinin və başqa yazıçıların əsərlərini, habelə bir çox jurnalların komplektlərini onlara bağışlayıb. 1921–1924-cü illərdə Bakı Qadın Müəllimləri Seminariyasının müəllimi kimi fəaliyyət göstərib.

F. Köçərlinin sağlığında nəşrini görə bilmədiyi "Azərbaycan ədəbiyyatı tarixi materialları"nı onun ölümündən sonra Badisəba xanımın təşəbbüsü ilə 1925–1926-cı illərdə 2 cilddə Bakıda nəşr edilib. O, 1925-ci il mayın 21-də Maarif Kommisarlığının əmri ilə Zaqatalada, 1929-cu ildə isə Qubada ilk dəfə Pedaqoji Texnikum təşkil edib.

Zaqatala Pedaqoji Texnikumuna 1925–1929-cu illərdə rəhbərlik edib .1930-cu ildə Şəkidə 2 saylı uşaq evinin yaradıcısı və direktoru olub. Bu müəssisəyə 1954-cü ilə qədər direktorluq edib. Bu uşaq evi Zülfüqarovların malikanəsində yerləşirdi.

Badisəba xanım yaşadığı Şəki şəhərinin ictimai həyatında fəal iştirak edib və Şəki şəhər Sovetinin 1946-cı ildən 1952-ci ilə kimi 3 çağırış deputatı olub. Badisəba xanım 1920-ci ildə mayın 10-da (Gəncə üsyanından 15 gün əvvəl) həbs olunaraq üsyandan sonra qətlə yetirilmiş həyat yoldaşının şəxsi arxivini əldə etmək üçün Mircəfər Bağırova məktub yazıb. Məktubda deyilirdi: "1921-ci ildən indiyə qədər Xalq Maarif Komissarlığı xətti ilə işləyirəm və 1925-ci ildən Azərbaycan rayonlarında çalışıram.

O qədər də çox olmayan ev əmlakımı özümlə daşımaq imkanım olmadığından onları Bakıda yaşayan qardaşım Məmməd Vəkilovun mənzilində saxlamışdım. Qardaşımın oğlu, Karl Marks adına Xalq Təsərrüfatı İnstitutu hüquq fakültəsinin keçmiş dekanı Mustafa Vəkilov onunla eyni mənzildə yaşayırdı. Mərhum ərimin arxivi də mənim əşyalarımın arasında idi.

Firidun Köçərlinski Qori Müəllimlər Seminariyasının keçmiş müəllimi, sonralar Qazax Müəllimlər Seminariyasının direktoru olmuşdu və onun arxivində çoxlu qiymətli ədəbi materiallar vardı. O cümlədən: Mirzə Fətəli Axundovun əlyazmaları, Sabirlə ədəbi səciyyəli yazışmalar, "Molla Nəsrəddin"lə yazışmalar, Köçərlinin öz yazıları, müxtəlif ədəbi xadimlərdən alınmış bolluca materiallar. 10 noyabr 1937-ci ildə Mustafa Vəkilov NKVD tərəfindən həbs edilərkən ona aid materiallarla birgə mənim ərimin arxivini də götürmüşlər.

Bu barədə mən yenicə xəbər tutmuşam. Xahiş edirəm mənə cavab verin ki, göstərilən arxivi nə vaxt geri ala bilərəm" Onun müraciəti cavabsız qaldı və itmiş arxiv geri qaytarılmadı. AMEA-nın M.

Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan F. Köçərlinin arxivinin dövrümüzə gəlib çatmış hissəsində Badisəba xanıma aid sənədlər onun 20 aprel 1948-ci ildə yazdığı özünün tərcümeyi-halı, Qazax xəstəxanasına, Qazax uşaqlar evinə, Dağkəsəmən əmək məktəbinə, digər müəssisələrə bağışladığı əşyaların, kitabların siyahısından ibarətdir. Badisəba xanım Köçərli "Şərəf nişanı" ordeni və "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub.

O, 1945-ci ildə "Azərbaycan SSR əməkdar müəllimi" fəxri adına layiq görülub. İnsanlara göstərdiyi köməkliyə görə Badisəba xanımı "El Anası" deyə çağırırmışlar. 1954-cü ildə vəfat edib.

Allah rəhmət eləsin!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗