Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski — həyatı və yaradıcılığı.
Əbdurrəhman bəy Fətəlibəyli-Düdənginski 1908-ci ilin iyun ayının 12-də Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində doğulub. Tiflisdəki hərbi-piyada məktəbini bitirib, sonra Azərbaycan diviziyasında xidmət edib. Moskvada Hərbi Akademiyada təhsil alıb.
Minbaşı (mayor) rutbəsində olub. 1937-ci ildə Bakıda məzuniyyətdə olarkən əmisi Əhməd bəyin məsləhəti ilə Leyla xanım Qazıyeva ilə evlənib. Məzuniyyəti qurtardıqdan sonra həyat yoldaşını, qayınanasını özü ilə Leninqrada aparıb və 1940-cı ilə qədər orada yaşayıblar.
1938-ci ildə Leninqradda ilk övladı Əli anadan olub. Ə. Düdənginski olduqca bacarıqlı bir zabit idi.
O, 1939-cu ildə Finlandiya müharibəsində iştirak edib, "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Bir müddət Leninqrad dairəsi qərargahında 6-cı şöbənin rəisi işləyib. 1940-cı ilə Sovet Ordusu Baltikyanı respublikaları işğal etikdən sonra Ə. Düdənginski Riqada yerləşən hərbi qərargaha göndərilib, orada almanlara əsir düşüb.
İkinci Dunya müharibəsində Leninqrad hərbi dairəsinin qərargahında xidmət edib, 6-cı şöbənin rəisi olub. Sonradan almanların tərəfində bolşeviklərə qarşı vuruşub. Müharibədən sonra АBŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq Radiosunun Azərbaycan redaksiyasının, eyni zamanda "Azərbaycan" jurnalının (Ceyhun bəy Hacıbəyli ilə birlikdə) baş redaktoru olub.
1954-cü ilin noyabrın 20-də Əbdürrəhman bəy Fətəlibəyli Münxenin Alpenplate-6 adlı meydanındakı bir mənzildə qətlə yetirilib. Qatil Mikayıl İsmayılov adlı sovet kəşfiyatçısı olub. Polisin ilkin araşdırmasında təhqiqat ölənin Mikayıl İsmayılov adında birinin, qatilin də Fətəlibəyli olduğu şübhəsini yaratmışdı.
Bu şübhənin əsası ölünün üzərində rus qaçqını İsmayılova aid pasport və paltarın olması, digər tərəfdən cinayətin İsmayılovun evində törədilməsi faktı idi. Bu vəziyyətə görə cəsəd İsmayılova aid olur, qatil Fətəlibəyli də qaçmış hesab edilirdi. Lakin sonra dərinləşdirilən təhqiqat bu nəticənin tamamilə tərsinə-öldürülənin Fətəlibəyli adında qafqazlı bir türk, qatilin də İsmayılov olduğunu üzə çıxarıb.
Məlum olub ki, İsmayılov bu cinayəti işlədikdən sonra öz paltarlarını Fətəlibəyliyə geyindirib və pasportunu götürürək qaçıb. 5 dekabr tarixində Fətəlibəylinin cənazəsi azərbaycanlı dostları tərəfindən Neu-Ulm məzarlığına köçürülüb. Bu ikinci cənazə mərasimi, ikinci dəfndir.
Belə ki, birinci mərasim və dəfn İsmayılov üçün edilmişdi. Fətəlibəyli Münhen yaxınlığında Neu-Ulm şəhərindəki qəbiristanlıqda qardaşı Seyfullanın məzarı yanında dəfn edilib…
