Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mədinə Vəkilova (Qiyasbəyli) — həyatı və yaradıcılığı.
Mədinə Vəkilova (Qiyasbəyli) 1889-cu ilin aprel ayında Qazax qəzasının Salahlı kəndində doğulub. Tiflisdə "Müqəddəs Nina" pedaqoji məktəbində təhsil alıb. 1904-cü ildə təhsilini bitirdikdən sonra gimnaziyada birillik əlavə kursa daxil olub. 1905-ci ildə buranı da əla qiymətlərlə başa vurub. 1906-cı ildə Salahlı kəndində öz yaşadığı evdə birsinifli ilk kənd qız məktəbini açıb.
Burada türk dili, hesab, rus dili, təbiətşünaslıq fənləri ilə yanaşı əmək və nəğmə dərsləri də keçirilirdi. Ana dilini Əhməd ağa Gülməmmədov, təbiətşünaslığı atası Mehdi ağa, qalan fənləri isə özü keçirdi. Məktəbə gələn qızların sayı artandan sona 1906-cı il oktyabrın 15-də bu təhsil ocağı qəza maarif idarəsi tərəfindən rəsmiləşdirilir və Mədinə xanım Salahlı qız məktəbinin müdiri və müəlliməsi təyin edilir. 1910-cu ildə ailə həyatı qurduqdan sonra Dağ Kəsəmən kəndinə köçür.
Burada da qızlar məktəbi açıb və fəaliyyətini davam etdirib. Bir müddət həyat yoldaşı ilə birlikdə Gədəbəyə köçur və orada da müəllimlik edir. 1917-ci ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra Tiflisdə Zaqafqaziya komissarlığında çalışır.
Komissarlıq dağıldıqdan sonra 1918-ci ildə Qazaxa qayıdır və burada xalq məktəblərinin inspektoru vəzifəsinə təyin olunur. 1919-cu ildə Bakıya köçür. 1920-ci ilin martında yaşadığı mənzildə axşam kursları təşkil edir. Martın 10-da isə onun rəsmiləşdirilməsinə nail olur.
Kursda Üzeyir Hacıbəyli, Xədicə Ağayeva, Şəfiqə Əfəndizadə də dərs deyirdilər. Aprel işğalından sonra, 1920-ci il dekabrın 20-də Mədinə Qiyasbəyli qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağı olan Darülmüəllimatın müdirəsi və müəlliməsi təyin edilir. 1926-cı ildə vəzifəsindən azad edilir və burada rus dili müəllimi kimi fəaliyyət göstərməyə davam edir. O, "Şərq qadını" jurnalının yaradıcılarından və oradakı yazıların müəlliflərindən biri olub.
Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik edib, Azərbaycan Dövlət Tibb Institutunda assissent vəzifəsində çalışıb. 1932-ci ilin noyabrında "Azneft" meydanında tramvaydan düşərkən yıxılır, onurğa sütunundan ağır zədə alır. Müəllimliklə yanaşı, tərcüməçiliklə də məşğul olur.
Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin bir çox şeirləri, M. S. Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsən Ələkbərzadənin "Yoxuşlar" romanlarını rus dilinə tərcümə edib. 1936-cı il dekabrın 8-dən 9-na keçən gecə 1747 №-li orderə əsasən "qanunsuz əksinqilabi Müsavat təşkilatının üzvü" ittihamı ilə XDİK tərəfindən həbs olunub.
Həbs olunduğu tarixdən 8 sentyabr 1937-ci ilə kimi 12 dəfə dindirilib. Sentyabrın 23-də tərtib olunmuş ittihamnamədə onu "Müsavat" partiyasına üzv olmaqda, "Müsavat"ın gizli mərkəzi ilə əlaqə saxlamaqda, öz ətrafına əksinqilabi ruhda olan gəncləri yığmaqda, 1930–1933-cü illərdə İranda olan müsavatçılarla və əksinqilabi-millətçi təşkilatın üzvləri- Ruhulla Axundov, Bəkir Çobanzadə ilə gizli əlaqə saxlamaqda ittiham olunub. Göstərilənlərə əsasən onu Azərbaycan SSR-nin Cinayət Məcəlləsinin 72 və 73-cü maddələri ilə təqsirləndirərək istintaq işini bitirib qərarın icrasının Azərbaycan XDİK nəzdində olan Xüsusi üçlüyə həvalə ediblər.
Azərbaycan SSR XDİK-nın Xüsusi Üçlüyünün 1937-ci il 26 sentyabr tarixli qərarına əsasən 45 yaşında olan Qiyasbəyli Mədinə xanım Mehdi qızının əmlakının müsadirə edilməsi və güllələnməsi haqda qərar verilib. Qərar 1937-ci il sentyabrın 28-də gecə saat 01:25-də yerinə yetirilib. Mədinə Qiyasbəyli 1956-cı il avqustun 24-də Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ölümündən sonra bəraət alıb…
