Səməd ağa Həsən oğlu Ağamalıoğlu 27 dekabr 1867-ci ildə Qazax rayonunun Qıraq Kəsəmən kən…

Şrift
Səməd ağa Həsən oğlu Ağamalıoğlu 27 dekabr 1867-ci ildə Qazax rayonunun Qıraq Kəsəmən kən…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Səməd ağa Həsən oğlu Ağamalıoğlu 27 dekabr 1867-ci ildə Qazax rayonunun Qıraq Kəsəmən kən….

Səməd ağa Həsən oğlu Ağamalıoğlu 27 dekabr 1867-ci ildə Qazax rayonunun Qıraq Kəsəmən kəndində doğulub. 1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirib, yerölçən ixtisasına yiyələnib. 1917-ci ilin aprelindən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Birləşmiş Gəncə İcraiyyə Komitəsinin və Gəncə Fəhlə və Əsgər Deputatları Sovetinin üzvü olub.

1918-ci ilin fevralında Tiflisə köçüb, yerli menşevik "Hümmət" təşkilatının üzvü, təşkilatın orqanları – "Gələcək" və "Probujdeniye" qəzetlərinin redaktoru, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü kimi fəaliyyət göstərib. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən seçkisiz qaydada Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilib. Parlamentdə sosialistlər fraksiyasının lideri, aqrar komissiyanın sədri idi.

Sovet hakimiyyətinin tərəfdarı olan Ağamalıoğlu Cümhuriyyət Parlamentində G. V. Çiçerinin Denikinə qarşı ittifaq bağlamaq haqqında notasının müzakirəsi zamanı "Bu doğrudur ki, bolşeviklərlə ittifaq bağlamaq müsavatçılar üçün çətin bir şeydir.

Məgər müsavat Hökumətini saxlamaq çox vacibdirmi? Ölkəni sovetləşdirərik, qurtarıb gedər!", – deyərək mövqeyini açıqlayıb. O, Azərbaycanın Qırmızı ordu tərəfindən işğalına köməklik göstərib, 1920-ci il Gəncə üsyanının yatırılmasının təşkilində fəal iştirak edib.

1920-22-ci illərdə Azərbaycan SSR xalq torpaq komissarı, Mərkəzi İcraiyyə Komitəsinin sədri, ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1922-29) olub. Azərbaycanda və SSRİ-nin digər türk-müsəlman respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik edib, Ümumittifaq Yeni Türk Əlifbası Komissiyasının sədri olub. ”Azərbaycanın siyasi vəziyyəti” (1919), “Bizim yolumuz hayanadır?” (1924), “Türk aləmində mədəni məsələlər” (1924), “Türk-tatar xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları” (1925), “Yeni türk əlifbasının müdafiəsində” (1927) əsərlərinin müəllifidir.

Ağamalıoğlu 6 oktyabr 1930-cu ildə Moskvada vəfat edib və orada dəfn olunub, nəşi Bakıya-Fəxri Xiyabana köçürülüb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗