Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirdamət Ağamir oğlu Seyidov 25 aprel 1922-ci ildə indiki Göygöl rayonunun Qızılca kəndin….
Mirdamət Ağamir oğlu Seyidov 25 aprel 1922-ci ildə indiki Göygöl rayonunun Qızılca kəndində doğulub. Çox kasıb bir ailədə böyüyən Mirdamət sonralar tibb təhsili alıb. İkinci Dünya müharibəsi başlayanda 19 yaşı var idi.
Müharibənin ilk günlərindən cəbhəyə gedib, amma almanlara əsir düşüb. Daxau ölüm düşərgəsində olan Mirdamət Seyidov buradakı insan tonqalının şahidi olub. 1943-cü ildə faşistlərin Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Triestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlardan biri də Mirdamət Seyidov idi.
Sonralar düşmənin yaratdığı hərbi legiondan qaçmağı bacaran döyüşçü partizanlara qoşulub. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət edib. Onun əfsanəvi partizanlar Cavad Həkimli, Mehdi Hüseynzadə ilə tanışlıqları da buradan başlayıb.
Onlar dəfələrlə birlikdə çətin tapşırıqları çiyin-çiyinə yerinə yetiriblər. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaratmışdılar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yusoqlaviyada da məşhurlaşdırır.
Mavi gözlü gənc partizanı artıq İvan Ruskiy, Miriço Mario və Vesilin təxəllüsləri ilə tanıyırıdlar. Onlar 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşub, İ. Qradnik adına İtalyan-yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər.
Mirdamət Seyidov Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat-təxribat qrupunda fəaliyyət göstərib. Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında-Opçine adlı yerdə kinoteatrı partladıblar. Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri ölüb, 110 nəfəri isə ağır yaralanıb.
Mirdamət Seyidovun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triest şəhərinin özündə-"Via qeqa" küçəsində almanların "Soldatenheim"( Soldatenheim, Or Rest Room For German Soldiers) (Əsgər evi) restoranının binasının partladılması olub. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar.
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından meyitləri və yaralıları çıxarmaqla məşğul oldular. Faşist gestapoçuları həmin binanın bərbərxanasında bir neçə günahsız adamı həbs edib sonra da qətlə yetirdilər.
Azərbaycan Tarixi Muzeyindəki eksponatların birində partlayışın ertəsi günü çıxmış "İl Pikkolo" qəzetinin bir parçası nümayiş etdirilir. Orada yazılıb:"Dünən, şənbə günü kommunist elementlər Triest şəhərində alman əsgər evində terror təxribatı törətmiş, nəticədə bir neçə alman əsgəri və italyan vətəndaşı həlak olmuşdur. Terrorçulara yaxın dairələrdən xeyli adam həbs edilmişdir.
Hərbi məhkəmə onlardan 51 nəfərinə ölüm hökmü kəsmişdir. Məhkəmənin hökmü dərhal yerinə yetirilmişdir". Partizan qərargahına daxil olan rəsmi məlumata görə, qəzetdə göstərilən "bir neçə alman əsgəri" əslində 450 nəfərin ölümü və yaralanması demək idi.
M. Seyidovun partizan həyatını əks etdirən digər sənədlər də Azərbaycanın Tarix Muzeydə öz layiqli yerini tapıb. O, 2011-ci ildə vəfat edib, Göygöl rayonunun Qızılca kəndində dəfn edilib…
