Adil xan Əbülfət ağa oğlu Ziyadxanov — həyatı və yaradıcılığı

Şrift
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Adil xan Əbülfət ağa oğlu Ziyadxanov — həyatı və yaradıcılığı.

Adil xan Əbülfət ağa oğlu Ziyadxanov 1870-ci ildə (bəzi mənbələrə görə-1877) Gəncə şəhərində doğulub. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır.

Orta təhsilimi Gəncə Kişi Gimnaziyasında alıb. 1894-cü ildə Moskva Universitetinin hüquq fakültəsində bitirib. Avropa və Şərq dillərini əla bilib.

1905-ci ildən Bakıda Ə. Topçubaşovun redaktorluğu ilə çıxan "Kaspi" qəzeti ilə əməkdaşlıq edib. Həmin ildə Azərbaycan türkləri adından çar II Nikolaya göndərilmiş petisiyanı o da imzalamışdı.

1906-da Tiflisdə canişinin rəhbərliyi altında təşkil olunmuş erməni-müsəlman münaqişəsini nizamlayan çoxgünlük yığıncaqlarda da Adil xan da iştirak edib. 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edib və gördüklərini "Avropada üç aylıq bir səyahətim" adıyla Gəncədə nəşr etdirib (1909). Şamaxı bölgəsində bolşeviklərlə birləşmiş erməni və malakan silahlı dəstələri müsəlmanları kütləvi surətdə qıranda oraya Gəncədən göndərilən silahlı könüllülərin təşkilatçıları sırasında Adil xan Ziyadxanov da olub. 1918-ci ildə AXC XİN-in rəhbəri olan Əlimərdan bəy Topubaşovun müavini təyin edilib.

Topçubaşov İstanbulda olduğuna görə, Adil xan Ziyadxanov faktiki olaraq nazir vəzifəsini yerinə yetirib. 1918-də Bakıya gələn Böyük Britaniya hərbi qüvvələrinin komandanı general V. Tomsonu Azərbaycan hökuməti adından Adil xan qarşılayıb və onunla danışıqlar aparıb.

Onun yazdığı, ana dilimizdə və fransızca nəşr edilmiş "Azərbaycan" kitabının 2 min nüsxəsi 1919-da Parisə-Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə. Topçubaşova göndərilərək Avropa ölkələrində, ABŞ və Kanadada yayılıb. Adil xan 1919-cu ilin martında İrana göndərilən nümayəndə heyətinin rəhbəri olub.

O, bu səfər zamanı Azərbaycanın İran tərəfindən de-yure tanınmasına nail olub. Azərbaycan hökumətinin 1 avqust 1919-cu il tarixli qərarına əsasən Azərbaycanın Tehranda diplomatik nümayəndəliyi təsis edilib və xarici işlər nazirinin müavini Adil xan Ziyadxanov AXC-nin İrandakı diplomatik nümayəndəsi vəzifəsinə təyin edilib. Cümhuriyyət süquta uğradıqdan sonra Tehranda qalıb.

22 iyun 1921- ci ildə Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırır. Qardaşı kimi güllələnmə ehtimalı olduğuna görə Bakıya qayıda bilmir. Bundan sonra o, Tehranda və Təbrizdə müxtəlif vəzifələrdə çalışıb. 1934-də İstanbula köçüb və İstanbul Universitetində hüquq dərsi deyib.

1957-ci ildə İstanbulda vəfat edib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗