Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində doğulub..
Mikayıl bəy Hüseyn bəy oğlu Gəncə şəhərində doğulub. Onun nə doğum, nə də ölum tarixi mənbələrdə dəqiq qeyd olunmur. Qəza idarəsində çalışıb.
Polis pristavı kimi qulluq edib. AXC dönəmində öncə qubernator Xudadat bəy Rəfibəyovun yanında şöbə məsləhətçisi, 1919-cu ildə Gəncə qəzasının rəisi olub. O, 1884-1890-cı illərdə Yelizavetpol şəhər klassik kişi gimnaziyasında oxuyub.
Mikayıl bəy İsrafilbəyov Qatır Məmmədin dəstəsinə qarşı vuruşub. AXC hökuməti üsyançılar üzərinə müsavat ordusunun adlı-sanlı komandirlərindən olan Mahmud bəy Paşayev və Mikayıl bəy İsrafilbəyovun rəhbərliyi ilə 3-cü və 8-ci süvari alayları göndərmişdi. Qoşun 1919-cu il iyunun 28-də Gorana çatır.
Qoşun hissələri o dövr üçün ən müasir top və pulemyotlarla təchiz edilmiş və say etibarı ilə üsyançılardan xeyli üstün idi. Amma partizan taktikası qarşısında nə ən müasir silahlar, nə də sayca üstün canlı qüvvə heç bir şey edə bilmədi. Qırmızı partizanlar qoşunun təchizat bölüyünü ön hissədən təcrid edib zərərsizləşdirdilər.
Daha sonra isə ön hissəyə sarsıdıcı zərbə endirdilər. Hökumət qoşunu pərən-pərən olub qacmağa üz tutdu. Top və pulemyotlar üsyançılar tərəfindən qənimət olaraq götürüldü.
Bundan sonra Qatır Məmməd Bakı kommunist təşkilatından top və pulemyotlardan istifadə qaydalarını üsyançılara öyrədəcək mütəxəssis göndərilməsini istəyir. Tezliklə Vasili Kazakov adlı mütəxəssis gəlir və silahlardan istifadə qaydalarını üsyançılara öyrətməklə yanaşı topçu dəstəsi də təşkil edir. Onu da qeyd edək ki, Mikayıl İsrafilbəyov çarizm dövründə dövlət xadimi olan, məşhur İsrafilbəyovlar nəslinin nümayəndəsi Hüseyn bəy İsrafilbəyovun oğludur.
Hüseyn bəyin özünü isə 1907-ci ildə naməlum şəraitdə qətlə yetirmişdilər…
