Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Faris bəy İbrahim ağa oğlu — həyatı və yaradıcılığı.
… Faris bəy İbrahim ağa oğlu 1886-cı ildə Tiflisdə doğulub. Peterburq Texnologiya İnstitutunu bitirib (1914), 1917-ci ilədək Petroqraddakı Putilov və "Feniks" zavodlarınun baş mühəndisi, həmin ildən isə Tiflisdə Qafqaz Su Təsərrüfatı idarəsində çalışıb.
Rus, gürcü, türk, fransız dillərini mükəmməl bilirdi. İxtiralarına görə bir sıra patentlər alıb. Faris bəy Vəkilov 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə üzv seçilən Məmmədyusif Cəfərovun yerinə Azərbaycanın Gürcüstanda diplomatik nümayəndəliyinə rəhbərlik edib.
O, Azərbaycan-Gürcüstan əlaqələrinin qurulmasında mühüm rol oynayıb, bəzi qərb ölkələrinin nümayəndələri ilə görüşlər keçirərək, Azərbaycan hökuməti adından bir sıra mühüm sənədləri imzalayıb. Faris bəy Vəkilov bolşevik təhlükəsi qarşısında müdafiə bacarığını gücləndirmək üçün Qafqaz respublikaları arasındakı münaqişələrə son qoymağa çalışırdı. Bu məqsədlə 23 fevral 1920-də Böyük Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropun Tiflisdəki mənzilində Fransa nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin müşavirəsi keçirilmişdi.
Bu görüşdə Azərbaycanı Gürcüstandakı diplomatik nümayəndə kimi Faris bəy Vəkilov və Ermənistandakı diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyev təmsil ediblər. Sovet hakimiyyəti qurulduqdan sonra ixtisasını təkmilləşdirmək üçün Parisdəki "Reno" zavoduna göndərilib və xanımı Liya Mirkazım qızı Vəkilova/Talışinskaya (1891–1965) ilə birgə 1927-ci ilədək orada yaşayıb. 1927-də Bakıya dönüb və o zamankı leytenant Şmidt adına zavodda işləyib. 1942-də repressiya olunaraq Karaqanda, Maqadan və Sibirdə 18 il məşəqqətli sürgün ömrü yaşayıb. 1960-cı ildə bəraət alaraq Vətənə qayıdan Faris bəy Vəkilov 1978-ci ildə Bakıda vəfat edib…
