Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tarixi mənbələrdə Çəmbərəkənd yaşayış məkanının XIX əsrin 40-cı illərində salındığı bildi….
Tarixi mənbələrdə Çəmbərəkənd yaşayış məkanının XIX əsrin 40-cı illərində salındığı bildirilir. Məkanın adı “çəmbərə”-dairə, əyri, qövs və “kənd” komponentlərindən düzəlib, “dairəvarı, qövsvarı kənd” mənasındadır. “Bakı kəndləri (ensiklopedik lüğət)” kitabında qeyd olunur ki, Çəmbərəkənd indiki Nazirlər Kabineti binasının yaxınlığından Şəhidlər Xiyabanına qədər ərazini əhatə edib.
Ərazinin adı burada məskunlaşmış və əsasən balıq duzlamaq, neft, mazut ixrac etmək üçün çəmbərlər hazırlayan ustaların peşəsi ilə əlaqədar yaranıb. Çəmbərəkənddə eyni zamanda müxtəlif qoşqu arabaları, fayton da düzəldilib, sakinləri əsasən heyvandarlıq və əkinçiliklə məşğul olub. 1842-1843-cü illərdə 2 məscid tikilib.
Vaxtilə ərazinin adı dəyişdirilərək rus şairi M. Lermontovun adı verilmişdi. 1882-ci il tarixli "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir. 27 sentyabr 1882-ci ildə Bakı Şəhər Dumasının 2-ci iclasında Çəmbərəkənd qəbiristanlığının yeni bir yerə köçürülməsi məsələsi müzakirə olunurdu.
"Kaspi" qəzetinin 1883-cü il tarixli sayında Bakı Şəhəri Hökuməti Sanitar Şuranın qərarı və Bakı Şəhəri Dumasının hökmü ilə Çəmbərəkənd qəbiristanlığının yanındakı bütün müsəlman və xristian qəbiristanlıqlarının əbədi olaraq bağlanıldığı elan olunmuşdu. Yeni dəfnlər Çəmbərəkəndin yuxarısındakı yeni seçilmiş Pirkən-Zarı (Pirvənzərə) dağlıq ərazisində olmalı idi. Köhnə qəbiristanlıqlarda ölülərin dəfni ciddi qadağan olundu. 1910-cu illərin əvvəllərində, qəbiristanlığın müsəlman hissəsində, "Səadət" dini məktəbi üçün bir bina tikmək qərarı alındı.
Memar Zivər bəy Əhmədbəyov layihəni hazırladı və cümə günü qəbiristanlıqda insanlar toplaşdı. Axund dua oxuduqdan sonra, mərhumların yaxınları və yoldaşları qalıqları Dağüstü qəbiristanlığına köçürdülər, boş qəbirlər yerlə bərabərləşdirildi və 1912-ci il dekabrın 23-də məktəb binasının təməli qoyuldu. XX əsrin 30-cu illərin ilk yarısında Çəmbərəkənd və Dağüstü qəbiristanlığları tam söküldü və onların yerində parklar salındı.
Sonra bu ərazidə Bakı Funikulyoru, Yaşıl Teatr, Gülüstan Sarayı və bəzi yaşayış binaları tikilmişdi. 2022 ci ildə Səbail rayonunda “Çəmbərəkənd” parkı salındı. Açılışında Prezident İlham Əliyevin iştirak etdiyi bu park Bakının Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınıb. Xalq yazıçısı Hüseyn Abbaszadənin "Çəmbərəkənd balladası" adlı kitabı var…
