Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə TARİXÇƏ….
TARİXÇƏ… Heydər Əliyevlə Marqaret Tetçer arasında Qarabağla bağlı qısa dialoqun məzmununa keçməzdən öncə 1979-1990-cı illərdə Böyük Britaniyanın Baş naziri olmuş bu xanım haqqında bir neçə maraqlı faktı nəzərinizə çatdırım: "Mən dəmir deyiləm, qadınam”-deyən M. Tetçerin İlk adı Hilda Roberts olub.
Tetçer 1925-ci ildə Qrantem şəhərində protestant tacir ailəsində doğulub, uşaqlığı atasının baqqal dükanının üzərində yerləşən evdə keçib, anası dərzi idi; -1950–1951-ci il seçkilərində Mühafizəkarlar Partiyasının ən gənc namizədi olaraq seçkilərə qatılıb; -1951-ci ildə yenicə tanış olduğu Denis Tetçer ilə evlənib; -1953-cü ildə əkiz uşaqları doğulub; -1967-ci il "Kölgə kabineti"ndə Yanacaq, nəqliyyat və təhsil naziri olub; -1970-ci il seçkilərindən sonra Tetçer Təhsil və Elm naziri olub. Vəzifəsinin ilk aylarında büdcəni qaydaya salmaq üçün 7 rayon üçün nəzərdə tutulmuş 11 yaşlı uşaqlara verilən pulsuz süd paylaşımını kəsmək məcburiyyətində qalıb və xalq arasında "süd oğrusu” adlandırılıb; -1976-cı il 19 yanvar tarixli çıxışında Sovet İttifaqına ağır iradlar bildirir və buna cavab olaraq “Krasnaya Zvezda”-nin müxbiri Yuri Qavrilov ilk dəfə onu "Dəmir Ledi" adlandırır; -1992-ci ildə "baronessa" titulu alıb”; -1992-ci il Bakıda Əbülfəz Elçibəy ilə görüşüb; -Heydər Əliyev Marqaret Tetçerlə 1995-ci ilin oktyabrında görüşüb. BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gəlmiş Heydər Əliyev otellərin birində onunla qapalı görüş keçirib.
Rusiyalı telejurnalist Andrey Karaulov qeyd edir ki, həmin görüşdə Tetçer Heydər Əliyevə Qarabağ probleminin həllini 100 il təxirə salmağı təklif edib. Heydər Əliyev bu təklifi özünməxsus jestlə rədd edib və ona Folklend adalarına görə Boyuk Britaniyanın Argentina ilə müharibəyə 10 minlik ordu göndərdiyini, İrlandiyada separat hərəkatı yatırmaq üçün hərbi gücdən istifadə etdiyini xatırladıb. Tetçer heç nə deyə bilməyib və sadəcə olaraq susub…
M. Tetçer 2013-cü il aprelin 8-də, 87 yaşında vəfat edib…
