Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə doğulub. 1872-ci ildə Tiflisd….
Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə doğulub. 1872-ci ildə Tiflisdə "Müqəddəs Nina" qız məktəbində təhsilini bitirib. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından olub.
Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində yaxından iştirak edib. Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar.
Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdabda polis nəzarəti altında yaşayıb. Daha sonra ailəsi ilə birgə Bakıya köçüb. Həsən bəy Zərdabi uzun illər Bakıda müsəlman qız məktəbinin açılmasını arzulayırdı.
Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə bu təşəbbüs baş tutur. Məktəbin müdirəsi təhsilli türk xanımı olmalı idi və Hənifə Məlikova 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdirəsi vəzifəsini icra edib. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdirə vəzifəsində çalışıb. Hənifə Məlikovanın təşəbbüsü ilə "Nicat" Cəmiyyətinin bir şöbəsi kimi Bakı xanımlarının ilk təşkilatı yaradılıb və Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib.
1920-1926-cı illərdə Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışıb. 1929-cu ildə Bakıda vəfat edib. Əvvəl şəhər qəbristanlığında dəfn edilib, sonralar məzarı həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yaxınlığına-Fəxri Xiyabana köçürülüb.
Hələ sağ ikən, ölümlə təhdid olunduqları vaxtlarda Həsən bəyin və Hənifə xanımın hər ikisinin istəyi eyni yerdə torpağa tapşırılmaq olub… ALLAH RƏHMƏT ELƏSİN!
