Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə … Rəhim Hüseynov — həyatı və yaradıcılığı.
… Rəhim Hüseynov 1891-ci ildə Qazax qəzasının Qarabulaq kəndində doğulub. 1917-1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə kommunizm təbliğatı aparıb. 1918-ci ilin may ayında Bakıya köçərək Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət "Əkinçi" Partiyasına üzv olub. 1919-cu ildə 1 May nümayişinin təşkilatçılarından olub, bu səbəbdən AXC hökuməti tərəfindən həbs edilib, lakin fəhlələrin təzyiqi ilə həbsdən azad edilib. Rəhim Hüseynov Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsinin məsul təşkilatçısı və təşviqatçısı olub.
1919-cu ildən həmin partiyanın üzvü idi. 11-12 fevral 1920-ci il tarixində gizli şəkildə keçirilən Azərbaycan Kommunist Partiyasının I Təsis Qurultayında nümayəndə kimi iştirak edib. Aprel işğalından sonra Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 29 aprel tarixli qərarı və Bakı İnqilab Komitəsinin 1 №-li əmri ilə AXC-nin dövlət hakimiyyəti orqanları buraxılmış elan olundu və tanınmış bolşevik Rəhim Hüseynov Bakı şəhər milisinin ilk rəisi təyin edildi. Həmin 1 №-li əmrdə deyilirdi: "Polis yenidən təşkil edilsin və milis adlandırılsın; bütün polis sahələrində pristavlar dəyişdirilsin və komissarlar təyin edilsin.
O hallarda ki, pristav etibarlı polis işçisidir, onu sahə komissarı adlandırıb, öz vəzifəsini yerinə yetirməkdə saxlamaq olar" Daha sonra Moskvada Xalq Milli İşlər Komissarlığında şöbə müdiri kimi çalışan Rəhim Hüseynov Bakıya dönüb. Azərbaycan SSR Xalq əmək komissarının müavini, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan SSR Xalq ictimai təminat komissarı, Azərbaycan SSR Sənaye Şurası İdarə Heyətinin sədri kimi vəzifələrdə çalışıb. 1938-ci ildə repressiyanın qurbanı olub…
