TARİXÇƏ… Kübra Yəhya qızı Fərəcova — həyatı və yaradıcılığı

Şrift
TARİXÇƏ… Kübra Yəhya qızı Fərəcova — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə TARİXÇƏ… Kübra Yəhya qızı Fərəcova — həyatı və yaradıcılığı.

TARİXÇƏ… Kübra Yəhya qızı Fərəcova 1907-ci il mayın 16-da Qubada qulluqçu ailəsində doğulub. Ailəsi ilə birlikdə Bakıya köçüblər və o, ilk təhsilini burada alıb.

Dördsinifli rus-tatar məktəbini bitirdikdən sonra təhsilini H. Z. Tağıyevin qızlar gimnaziyasında davam etdirib.

Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Kübra Fərəcova ibtidai məktəblər üçün müəllimlər hazırlayan 3 aylıq kursu bitirərək Kürdəmirdə məktəb təşkil edib və burada qadınlar arasında savadsızlığın ləğvi istiqamətində fəaliyyət göstərib. Kübra Fərəcova 1924-cü ildə Göyçaya köçüb, 2 il burada və Ağdaşda müəllimlik edib. 1926-cı ildə Qazaxda məskunlaşaraq orada uşaq bağçasında tərbiyəçilik edib. Kübra Fərəcova 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olub, 1933-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Həmin illərdə o, ÜİK(b)P üzvlüyünə qəbul olunub. Həkimlik diplomunu aldıqdan sonra Azərbaycan LKGİ Mərkəzi Komitəsində "Ana və uşaqların mühafizəsı" adlı elmi iş üzərində Elmi-Tədqiqat İnstitutunda çalışmalar aparıb. 1937-ci ildə Azərbaycan SSR xalq səhiyyə komissarının müavini vəzifəsinə irəli çəkilib, bir neçə aydan sonra isə Azərbaycan SSR xalq səhiyyə komissarı təyin edilib.

Böyük Vətən müharibəsi illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında işləyib(1942-1943), 1943–1947-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışıb. 1947–1950-ci illərdə Azərbaycan SSR səhiyyə naziri olub. SSRİ Ali Sovetinin (2-ci çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–3-cü çağırış) deputatı seçilib.

O, 1950-ci ildə N. K. Krupskaya adına Ana və Uşaqları Mühafizə İnstitutunun direktoru təyin olunub və 30 ilə yaxın bu instituta rəhbərlik edib.

1979-cu ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü olub. 1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasın müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini alıb. 120-dək artıq elmi əsərin, 20-yə yaxın metodiki tövsiyənin və broşurların müəllifi olmuşdur.

O, həmçinin dəfələrlə Azərbaycan Dövlət Tibb İnstitutunda dövlət imtahan komissiyasının sədri olub. Kübra Fərəcova 1988-ci ildə Bakıda vəfat edib. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Səhiyyə nazirinin əmri ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna Kübra Fərəcovanın adı verilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗