Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şəfiqə xanım 14 oktyabr 1886-cı ildə məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsi….
Şəfiqə xanım 14 oktyabr 1886-cı ildə məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində doğulub. AXC-nin Baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə hələ 1902-ci ildə Bağçasarayda tanış olub və 1906-cı ailə həyatı qurublar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, o, Nəsib bəyin ailəsi ilə tanış olur, yenidən Krıma qayıdırlar.
1912-ci ilədək Krımda qalırlar, bu müddətdə onların iki övladı dünyaya gəlir. 1906-cı ildə imperiyada yaşayan türklərin ilk qadın jurnalı olan "Qadın dünyası" dərgisini nəşr etdirir. Bu dövrdən etibarən artıq "Tərcüman" qəzeti təkcə Qaspıralının deyil, Şəfiqə xanım və Nəsib bəyin də dəstəyi ilə çap olunur. Ancaq Nəsib bəyin bağışlanmaz səhvi ailənin dağılmasına səbəb olur.
Belə ki, onun Gəncədə ikən bir qadınla dini nikahda yaşaması üzə çıxır, Şəfiqə xanım bunu bağışlamır və Krıma qayıdır. 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə bağışlamır, Yusifbəyli soyadından imtina edir. Onların münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir. 1917-ci ildə Şəfiqə xanımın rəhbərliyi ilə Krımda "Qadın komitələri" yaradılır. 1918–1919-cu illərdə isə 2 dəfə Krım Millət Məclisinə üzv seçilir. 1918-ci il fevralın 23-də "Tərcüman" qəzeti qapadılır. 1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır.
Nəsib bəylə şəxsi münasibətləri düzəlməsə də, o, Cümhuriyyətə öz töhfəsini verir. Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir. Lakin, AXC devrilir, Nəsib bəy isə 31 may 1920-ci ildə müəmmalı şəkildə öldürülür.
Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, Xalq Maarif komissarlığında təlimatçı vəzifəsi verilir. Bir müddət sonra Türkiyəniin Bakıdakı təmsilçisi Memduh Şövketin səyi ilə Şəfiqə xanım və ailəsi Türkiyəyə gətirilir. Türkiyədə səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçi kimi çalışır.
Topladığı zəngin arxivi tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə "Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893–1920)" adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə vəfat edir…
