Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Cəfər Hacı Şeyx Həsən oğlu Axundov — həyatı və yaradıcılığı.
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində doğulub. "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri kimi gizli fəaliyyət göstərib. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C. Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
1909-cu ildə Parisə mühacirət edən Cəfər Axundov burada rusca nəşr edilən "Musulmanin" jurnalı ilə əməkdaşlıq edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə Rusiyada verilmiş amnistiyadan sonra vətənə qayıdıb. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdikdən sonra Gəncədə də Kerenskinin Müvəqqəti hökumətini təmsil edən hakimiyyət qurumları fəaliyyətə başlayıb. C. Axundov Gəncə Şəhər Fəhlə və Əsgər Deputatları Şurası sədrinin müavini seçilib.
Həmin ildə Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə oraya üzv seçilib. Bu Məclis bir gün fəaliyyət göstərib və Lenin onu qovduqdan sonra fəaliyyətinə xitam verilib. Zaqafqaziyadan seçilmiş deputatlar Tiflisdə toplaşaraq Zaqafqaziya Seymini qurublar.
Cəfər Axundov da Seymin M. Ə. Rəsulzadənin başçılıq etdiyi müsəlman fraksiyasının üzvü olub. 28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdə Azərbaycan Milli Şurasının üzvü olan Cəfər Axundov səsvermədə bitərəf qalıb (müstəqilliyə səs verməyən ikinci deputat isə "İttihad" partiyasının rəhbərlərindən biri Sultanməcid Qənizadə idi).
Milli Şuranın 1 iyun 1918-ci il tarixli iclasında Cəfər Axundovun Şuraya göndərdiyi məktubu oxunur. O, “Hümmət” Partiyasından və Milli Şura üzvlüyündən çıxdığını elan etmişdi. AXC dönəmində müstəqil dövlətimizə gəlməyərək Gürcüstanda yaşayıb və bir müddət Borçalı torpaq şöbəsində çalışıb.
Sonrakı illərdə “Azərneft”də mühəndis vəzifəsində çalışıb. Ancaq bolşeviklər kommunist partiyası qarşısındakı xidmətlərini unudaraq 1928-ci ildə onu "nərimanovçu" damğası ilə partiyadan qovublar. 1931-ci ildə Gəncə şəhərində vəfat edib…
