Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əhməd Rəcəbli — həyatı və yaradıcılığı.
Əhməd Rəcəbli 1898-ci ildə İrəvanda doğulub. 1916-cı ildə Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1919-cu ildə AXC hökumətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib. Rus, italyan, alman, ispan, yunan və fars dilini bilən Əhməd Rəcəbli İtaliyanın Ali Kral Eksperimental Aqrar İnstitutunun məzunudur. O, 1923-cü ildə Zaqatalada aqronom kimi işə başlayır.
Zaqatalada olarkən Əhməd Rəcəbli maarifçi-pedaqoq Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanımın vasitəçiliyi ilə Fəhimə xanım Mehdibəyova ilə ailə həyatı qurur. 1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alır. 1937-ci ilin avqustunda xaricdə təhsil alması əsas gətirilərək əks-inqilabçı fəaliyyətdə ittiham edilir və QULAQ düşərgələrindən biri olan Maqadan şəhərinə 8 illik sürgünə göndərilir.
3 il Kolımada, 5 il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyən Rəcəbli sürgündə olarkən yeni pomidor sortları da yetişdirir. "Babək" tarixi romanını yazır və ayrı-ayrı kağızlarda qələmə aldığı əsəri azadlığa çıxan məhbuslarla birlikdə hissə-hissə evə göndərir. Rəcəblinin həbsindən sonra Bakıya gələn Fəhimə xanım bir müddət ADU-da fizika müəllimi işlədikdən sonra universitetdən xaric olunur. 1945-ci ildə Əhməd Rəcəblinin sürgündən qayıtması ilə vəziyyət dəyişir.
Fəhimə xanım namizədlik dissertasiyası müdafiə edərək Azərbaycanda fizika sahəsində ilk qadın elmlər namizədi olur. Əhməd Rəcəbli 1950-ci il martın 22-də yenidən həbs edilərək Qazaxıstanın Cambul vilayətinə göndərilir və 4 ildən-Stalinin ölümündən sonra bəraət alır. Azərbaycan SSR-in Daxili İşlər naziri Ağasəlim Atakişiyevin imzaladığı order əsasında "xalq düşməni" adı altında həbs olunmasına baxmayaraq, Əhməd Rəcəbli, qızı Xalidənin nazirin oğlu Tofiqlə ailə həyatı qurmasına razılıq verir və gənclər 1952-ci ildə gizlicə nikah bağlayırlar.
1963-cü ilin dekabrın 15-də Moskvada ürək tutmasından vəfat edir və nəşi Bakıya gətirilir. 1970-ci ildə vəfat edən qudası, general-mayor Ağasəlim Atakişiyev Maştağada alimin məzarının yaxınlığında dəfn olunub. Bakı şəhəri, Nərimanov rayonunda yerləşən küçələrdən biri Əhməd Rəcəblinin adını daşıyır…
