Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879- cür ildə Dərbənddə doğulub. 1907-ci ildə….
İbrahim bəy İsa bəy oğlu Heydərov 3 avqust 1879- cür ildə Dərbənddə doğulub. 1907-ci ildə Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib, Bakıda müxtəlif sahələrdə yol mühəndisi işləyib. 1907-ci ildə "Nəşri-maarif" cəmiyyətinin idarə heyətinə daxil olub. 1907-1912-ci illərdə Dağıstan vilayəti və Zaqatala dairəsindən III Dövlət Dumasına deputat seçilib. 1913-cu ildə Bakı Şəhər İdarəsinin üzvü seçilən İbrahim bəy elə həmin il A. Babayevlə birlikdə "Dəyanət" neft-sənaye cəmiyyətini təşkil edib. 1914-cü ildə "Səfa" Xeyriyyə cəmiyyəti idarə heyətinin üzvü, 1916-cı ildə isə "Nicat" cəmiyyətinin sədr müavini seçilib.
Müsəlman ziyalılarının 1917-ci ildə Bakıda keçirilən iclasına sədrlik edib, Qafqaz müsəlmanları qurultayının rəyasət heyətinin üzvü seçilib. Bir çox dağlı liderləri kimi Heydərov da Bakı mühitində yetişib, Şimali Qafqaz dağlılarının azadlıq hərəkatına rəhbərlik edib. O, türk dilinin təhsil dilinə çevrilməsi ideyasını dəstəkləyib,1917-ci il iyunun 15-də Temirxan-Şurada müəllimlər üçün türk dili kursları açanlardan biri olub. 1918-ci ildə yaradılan ZDFR hökumətində dövlət nəzarəti naziri idi.
Trabzon konfransında iştirak edib. Bakıda türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik qüvvələrinin törətdiyi soyqırmı ilə bağlı 1918-ci il aprelin 20-də Bakı Soveti ilə danışıqlara göndərilib, Bakıya çatan kimi bolşeviklər tərəfindən həbs olunub. Zaqafqaziya Seyminin üzvü Camo bəy Hacınski Heydərovun azad edilməsi üçün təcili tədbirlər görməyi təklif etmişdi.
Bir müddət Bakı XKS-də quberniya komissarı işləyib, bu vəzifədən "Hümmət" təşkilatının təklifi ilə kənarlaşdırılıb. 1918-ci il noyabrın 28-də AXC ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqaviləni imzalayanlardan biri olub. Dağlılar Respublikası hökumətinin 1918-ci il dekabrında təşkil olunan yeni tərkibində yollar və poçt-teleqraf naziri təyin olunub.
Denikin qoşunlarının müdaxiləsi nəticəsində Bakıya qayıdıb, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. 1920-ci ildə Bakıda aldadılaraq həbs edilib. Nəriman Nərimanovun sayəsində qaçaraq Tiflisə gedib. Qızıl Ordu Gürcüstanı işğal edəndən sonra Fransaya mühacirət edib. 1949-cu ildə Ankarada vəfat edib…
