Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mustafa bəy Vəkilov — həyatı və yaradıcılığı.
Mustafa bəy Vəkilov 1896-cı ildə Qazax mahalında dogulub. Siyasi dünyagörüşünün formalaşmasında Əlimərdan bəy Topçubaşovun böyük təsiri olub. 1917-ci ildə Zaqafqaziya Komissarlığında Daxili işlər komissarı A. İ.
Çxenkelinin məsləhətçisi vəzifəsini icra edib. Azərbaycan istiqlaliyyətini elan edəndən sonra 1918-ci ilin iyununda M. Ə.
Rəsulzadə başda olmaqla 4 nəfər nümayəndə heyəti siyasi danışıqlar üçün İstanbulda keçirilən konfransa özləri ilə 4 məsləhətçi aparmışdılar, onlardan biri Mustafa bəy Vəkilov idi. O, Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinetində Daxili İşlər nazirinin müavini vəzifəsini icra edib. 1918-ci ildə Osmanlı sultanı ilə görüşüb. 1920-ci il fevralın 18-də 23 yaşlı M. Vəkilov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunub.
O, hökumətin ən gənc naziri idi. 1920-ci ilin martın 22-də Novruz bayramı günündə Şuşa və onun ətrafında ermənilər qiyama qalxır, lakin Vəkilovun səyi ilə qiyam yatırılır. O, Daxili İşlər naziri kimi Bakıda fəhlələrin qızışdırılması ilə bağlı da addımlar atır. 1959-cu ildə verdiyi bir açıqlamada o, Qarabağdakı erməni qiyamını və fəhlələrin etirazlarının Ermənistan hökuməti və rus agentləri vasitəsilə başlandığını bildirir. 1920-ci il 27 aprel hadisələrindən sonra o, qohumu -Xədicə xanım Qayıbovanın evində gizlənir, sonra Sultan Hüseynzadənin köməyi ilə Tiflisə gedir. Oradan da Türkiyəyə mühacirət edir. 1924-cü ildə İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü seçilir, 1928-ci ildə yaradılan "Prometey" təşkilatında təmsil olunur.
1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşaya gedir. Mühacirətdə M. Ə.
Rəsulzadənin yanında yer alsa da, müəyyən səbəblərə görə ondan ayrılır. Türkiyədə yaşadığı dövrdə "Odlu yurd", "Azəri-Türk", "Yeni Qafqaziyyə", "Yurd bilgisi", “Mücahit” kimi qəzet və jurnallarda məqalələr yazır. İkinci Dünya müharibəsinin sonlarında Amasya, sonra isə Ankaraya gedən Vəkilov 1938-ci ildə Mustafa Kamal Atatürkün dəfnində iştirak edib. 1963-cü ildə qətlə yetirilən ABŞ prezidenti Con Kennedinin ölümü ilə baglı yeni prezident Lindon Consona başsağlığı teleqramı göndərib. 1965-ci il noyabrın 1-də, 69 yaşında Ankarada vəfat edib…
