Gülsüm Əliyeva — həyatı və yaradıcılığı

Şrift
Gülsüm Əliyeva — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Gülsüm Əliyeva — həyatı və yaradıcılığı.

Gülsüm Əliyeva 1898-ci ildə Bakıda doğulub. 1915-ci ildə Nəriman Nərimanovla ailə qurub. O, 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram"… N.

Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparıb, gizli ədəbiyyat yayıb. Bakıda əlillər evi, uşaq bağçası və körpələr evlərinin yaradılmasında böyük səy göstərib. 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığının məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirir. 1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər Moskvada Pokrovski adına məktəbin fəhlə fakültəsində oxuyur.

N. Nərimanovun irsinin toplanıb mühafizə edilməsi üçün onun arxivini səliqəyə salaraq Azərbaycan Dövlət Muzeyinə göndərir. 1931-1935-ci illərdə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının bağçılıq-meyvəçilik fakültəsində və Qaragül qoyunçuluğu institutunda oxuyur. 1931-ci ildə Qərbi Sibirin Barabin rayonundakı "Qoyunçuluq" sovxozunda ot çalımı kampaniyasına ezam edilir.

O, Qərbi Sibirdəki iş təcrübəsi əsasında kitabçalar və məqalələr yazır. 1932-ci ildə institut onu Özbəkistanın "Mübarək" sovxozuna ezam edir. Burada vəziyyət daha gərgin idi.

Gülsüm xanım sovxozdan 70 km aralıda çox ağır şəraitdə qoyunların süni mayalanması ilə məşğul olur, tədqiqat işləri aparır. Gərgin əmək və yuxusuz gecələr öz təsirini göstərir, səhhəti pozulan Gülsüm xanım kəskin nevroz xəstəliyinə tutulur və müalicə üçün Moskvaya qayıtmalı olur. Böyük Vətən müharibəsi illərində Gülsüm Nərimanova 5021 saylı hərbi xəstəxanada işləyir.

Yeganə oğlu Nəcəf Ukraynanın Volnovaxa şəhəri uğrundakı döyüşlərdə qəhrəmanlıqla həlak olandan sonra da o, öz xeyirxah işini davam etdirir. Gülsüm xanım yetim uşaqların ehtiyaclarını ödəmək üçün əlindən gələni əsirgəmir. "Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilib. 1953-cü ildə vəfat edib, Moskvada dəfn edilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗