Yusif Ziya Talıbzadə — həyatı və yaradıcılığı

Şrift
Yusif Ziya Talıbzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yusif Ziya Talıbzadə — həyatı və yaradıcılığı.

Yusif Ziya Talıbzadə 1877-ci il yanvarın 22-də Tiflisin Şeytanbazar məhəlləsində doğulub. O, 1900-cü ildə Bakıya köçür, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Həbib bəy Mahmudbəyov və digər ziyalılarla tanış olur. 1911-ci ildə yaradılmış "Müsavat" partiyasının ilk üzvlərindəndir. 1912-ci ildə həyat yoldaşı Cənnət xanım və oğlu Tələt ilə birlikdə Osmanlı imperiyasına köçüb.

Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlir. Göyçay döyüşlərində iştirak edir.

Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edir. 1919-cu il iyunun 10-da Yusif Talıbzadə könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri təyin edilir, ona aylıq 5 min rubl əməkhaqqı ayırırlar. 1919-cu ildə Osmanlı dövlətinin nümayəndə heyətinin başçısı kimi Təbrizə gedir, erməni və aysorların Azərbaycan türklərinə qarşı törətdikləri qırğınların qarşısını almaq üçün Cavad Heyətin atası Mirzə Əli Heyət tərəfindən qurulmuş "İttihadi-İslam" cəmiyyətində Osmanlı dövlətini təmsil edir. Aprel işğalından sonra İran sərhəddindən Azərbaycana keçmək istəyərkən həbs olunur. Nəriman Nərimanovla görüşdən sonra həbsdən azad edilir.

1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayır. 1922-ci ilin axırlarında Bakıya qayıdan Yusif Ziya Nəriman Nərimanovla görüşür, sovet rejiminə qulluq etmək istəmədiyini, bu quruluşla uyğunlaşa bilmədiyini deyir və ondan rəsmi sənəd alaraq, Azərbaycanı tərk edir, Türküstana gedir. Burada Ənvər paşa və Zəki Vəlidi Toğanla birlikdə bolşeviklərə qarşı döyüşən "Basmaçı" hərəkatına qoşulur. 1923-cü il mayın 18-də Qızıl Ordu ilə döyüşlərin birində ağır yaralanır.

Silahdaşları ilə birgə Amudərya çayını üzüb keçməyə çalışarkən boğulub dünyasını dəyişir. Yusif Talıbzadə dünyasını dəyişdikdən sonra onunla birgə döyüşənlərdən biri onun köynəyini və Quran kitabını gətirib Abdulla Şaiqə təhvil verib. Hazırda həmin Quran Abdulla Şaiqin ev-muzeyində qorunub saxlanılır.

Y. Talıbzadə "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗