Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Həmid bəy Yusif bəy oğlu Yusifbəyli — həyatı və yaradıcılığı.
Həmid bəy Yusif bəy oğlu Yusifbəyli 1878-ci ildə Gəncədə doğulub. 1895-ci ildə klassik gimnaziyanı bitirdikdən sonra "Məktəbi-xeyriyyə"də müəllim işləməyə başlayıb. 18 dekabr 1899-cu ildə siyasi fəaliyyətinə görə həbs edilərək Tiflisə aparılıb. 14 ay Metex həbsxanasında saxlanılıb. 1904-cü ilin dekabrınadək Türküstanda sürgündə olub. 1905-ci ildə Gəncədə Türk Sosial-Federalist İnqilabi Komitəsi adlı təşkilatın yaradılmasında iştirak edib.
Məhz bu komitənin əsasında "Qeyrət" partiyası yaranıb. … Yusif bəy Yusifbəyli və iki oğlu Həmid bəy və Nəsib bəy Yusifbəylilər "Qeyrət"dən sonra yaradılan "Difai" partiyasının sıralarına qatılan və ən fəal üzvlərindən idilər.
Hətta "Difai" partiyasının bir iclası Yusif bəy Yusifbəylinin Gəncədəki evində, o biri isə Hacıkənddə Ləmsə bulağının yanındakı malikanəsində keçirilib. 1907-ci ildə Həmid bəyin evində Çar hökuməti tərəfindən axtarış aparılır və 24 ədəd siyasi kitab tapılaraq ona xəbərdarlıq edilir. Həmid bəy 1908-ci ildən 1910-cu ilədək ruhani məktəbində dərs deyib və orada da geniş təbliğat işləri aparıb.
1909-cu ildə o, ruhani məktəbində dərs deyən zaman Nağı bəy Şeyxzamanlının əmisi qızı Səriyyə xanım Şeyxzamanlı ailə qurub və üstündən heç bir il keçmədən o, yenidən həbs olunub. 1910-cu ildə Qafqaz canişini Vorontsovun hökmü ilə Həmid bəy 5 il müddətinə Krıma, Bağçasaraya sürgün edilmiş və orada bir müddət qardaşı Nəsib bəy Yusifbəylinin qayınatası İsmayıl Qaspıralının evində yaşadıqdan sonra İstanbula müraciət edib. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar II Nikolayın sərəncamına əsasən Həmid bəy əfv olunur və İstanbuldan Gəncəyə qayıdır. 1913-1917-ci illərdə daimi nəzarət altında saxlanılır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra siyasi fəaliyyətini dayandırır.
"Müsavat" partiyasının üzvü olduğuna görə 16 iyul 1941-ci ildə həbs edilir. 11 fevral 1942-ci ildə 5 il müddətinə sürgünə göndərılir, sağ-salamt vətənə dönən Həmid bəy "qırmızı imperiya"nın həbsxanalarının birində dünyasını dəyişir. 31 dekabr 1957-ci ildə ona bəraət verilir. Məhkəmənin qərarı 9 yanvar 1958-ci ildə Həmid bəyin oğlu Ənvərə bildirilir…
