Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə — həyatı və yaradıcılığı

Şrift
Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə — həyatı və yaradıcılığı.

Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanıda doğulub. Evdə atasından ərəb və fars dilini öyrənib. 1908-ci ildən şeir yazmağa başlayıb.

Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunub. 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb. Onun 200-dən artıq şeiri və 1 poeması qorunub saxlanıb. 1918–1920-ci illərdə AXC-nin qurulması münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb.

Aprel işğalından sonra isə işğala qarşı "Hicran", "Bayrağım enərkən" adlı şeirlərini yazıb. "Bayrağım enərkən" şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb. Bu şeirlər 1920–1930-cu illərdə Türkiyədə, Azərbaycan siyasi mühacirləri arasında geniş yayılıb, M.

Ə. Rəsulzadə mühacirətdə yazdığı əsərlərində onlardan xüsusi bəhs edib. İşğaldan sonra ailəsi ilə birlikdə Xızıya köçüb. 1937-ci ildə həyat yoldaşı Seyid Hüseyn həbs edildikdən sonra Ümmügülsüm də "xalq düşməni"nin həyat yoldaşı kimi həbs olunaraq Bayıl həbsxanasına aparılır.

Mənzilində axtarış aparılır, əmlakı müsadirə olunur, əsərləri qadağan edilir. Bayıl həbsxanasında olduğu dövrdə "Qala xatirələrim" adlı xatirat yazıb. Bir neçə ay Bayıl həbsxanasında saxlanıldıqdan sonra 8 il həbs cəzasına məhkum edilərək, Mordva vilayətində yerləşən Temlaq islah əmək düşərgəsinə göndərilib.

1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraxılmasını istəyib. 1944-cü ilin aprel ayında həbsdən azad olunur. Bir neçə gün Bakıda qaldıqdan sonra ona Bakıda yaşamağa icazə verilmir.

Buna görə də o, Şamaxıya köçür. 1944-cü il sentyabrın 17-də Şamaxıda, qızı Qumralın qucağında vəfat edir, Şahxəndan qəbiristanlığında dəfn edilir. Müəyyən səbəblərə görə məzarı itsə də, 57 ildən sonra tapılır.

"Müsavat" partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, AXC Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗