Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Abram Dastakyan (Dastakov) — həyatı və yaradıcılığı.
Abram Dastakyan (Dastakov) 1864-cü ildə Yelizavetpolda tacir ailəsində doğulub. Peterburq Universitetində oxuyarkən "Narodnaya Volya" təşkilatına qoşulub. O, 1884-cü ildə "Gənclər birliyi" təşkilatını yaradır.
1907-1908-ci illərdə Bakıda bolşevik Mixail Stepanoviç Olminski ilə tanış olur. "Narodnaya Volya" təşkilatının üzvü olduğu üçün Zaqatala şəhərində 3 il çar polisindən gizlənir. 1890-cı ildə Aleksandr Xatisyanla birlikdə "Daşnaksutyun" Partiyasının qurulması mərasimində iştirak edir və onun proqramının müəlliflərindən biri olur.
1896-cı ildən 1917-ci ilədək Bakı Şəhər Dumasında neft işləri üzrə komitənin sədri olur. 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə fəaliyyət göstərəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilir və umumi 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənir. Yeni seçilən üzvlər arasında Abram Dastakyan da var idi.
O, "Daşnaksutyun" Partiyasının Bakı bürosunun sədri idi. 7 fevral 1919-cu ildə ingilis komandanlığından Bakıdakı erməni qaçqınlar üçün 50. 000 rubl qrant istəmişdi. 21 fevral 1919-cu ildə Bakı Erməni Xeyriyyə Cəmiyyətinin sədri və eyni zamanda Bakı Hüquqşünas Həmkarları Birliyinin üzvü olan Mixail Papacanyanın Ermənistan Demokratik Respublikası Xarici İşlər naziri Sirakan Tiqranyana göndərdiyi məxfi məktubda dediyinə görə, Dastakyan general Tomsonun təkidi ilə "Daşnaksutyun" Partiyasının AXC Parlamentinə seçkilərdə iştirak etməsi qərarını vermişdi. O, 14 mart 1919-cu ildə N.
Yusifbəylinin hökumətində səhiyyə naziri vəzifəsinə təyin olunur. Bakıdakı Erməni məlumat bürosunun 22 may 1919-cu il raportunda Nəsib bəy Yusifbəylinin bu addımını Azərbaycandakı ermənilərin vəziyyətinin yaxşılaşdırılması barədə müsbət addım kimi mərkəzə bildirilmişdi. Dastakyan 24 dekabr 1919-cu ildə V hökumət kabinetinin üzvü olan Musa bəy Rəfiyev ilə əvəz olunur.
Vəzifədən gedəndən sonra bir müddət Ermənistanda Səhiyyə naziri işləyir, 1920-ci ildə Tiflisə köçür, Gürcüstanda Sovet hakimiyyətinin qurulmasından sonra isə Fransaya mühacirət edir və 1929-cu ildə ölür…
