Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsrafil İsrafilov — həyatı və yaradıcılığı.
İsrafil İsrafilov 1893-cü ildə Yelizavetpol qəzasının Seyfəli kəndində doğulub. 1912-ci ildə Gəncədə gimnaziyanı bitirib. Sonra Tiflis Hərbi məktəbinə daxil olur, 1915-ci ildə ona poruçik rütbəsi verilir. 21 aprel 1915-ci ildə Bokiyma kəndinin yaxınlığında və 3 may 1915-ci ildə Tamanoviçi kəndindəki döyüşdə yaralanır. 1916-cı ilin dekabrından Rumıniya cəbhəsində gedən döyüşlərdə iştirak edir.
1917-ci ilin Fevral inqilabından sonra çar ordusu sıralarında xidmətinə son verir. General Əliağa Şıxlinskinin dəvəti ilə Müsəlman Korpusunun yaradılmasında iştirak edir. 1918-ci ildən AXC ordusu sıralarına daxil olaraq Bakının erməni-bolşevik işğalından azad olunması uğrunda mübarizədə iştirak edir. Muğanda ağqvardiyaçılara, Zəngəzur və Qarabağda erməni hərbi birləşmələrinə qarşı vuruşmalarda iştirak edir, göstərdiyi şücaətə görə Hərbi nazirin 21 mart 1920 il tarixli əmri ilə ona polkovnik hərbi rütbəsi verilir. 1920-ci ildə Azərbaycan bolşevik işğalına uğrayandan sonra 2 ilə yaxın İran, Ərəbistan, Hindistan və Misirdə səfil vəziyyətdə gəzib dolaşandan sonra İstanbula gəlir. 1923-cü ildə M.
Ə. Rəsulzadə ona müraciət edərək Azərbaycan ordusu haqqında xatirələrini yazmağını istəyir. 1924-cü ildə böyük məhrumiyyətlərdən sonra Polşaya gedir. İkinci Dünya müharibəsi ərəfəsində Polşa silahlı qüvvələrində xidmət edən İsrafil bəy Polşanın işğalı vaxtı əsir düşür. 1943-cü ilin yayından 1944-cü ilə qədər Berlində Şərq Torpaqları Nazirliyi yanında fəaliyyət göstərən Azərbaycan Komitəsinə rəhbərlik edir.
Eyni zamanda türk mənşəli hərbi əsirlərdən ibarət 162-ci Türküstan piyada diviziyasında alay komandiri olur. 1944-cü ilin dekabrından etibarən ştandartenfürer rütbəsində III Reyxin Qafqaz hərbi birləşməsinin "Azərbaycan" döyüş qrupunun komandiri idi. 17 mart 1945-ci ildə Berlindəki Azərbaycan Milli Komitəsinin hərbi məsələlər üzrə müşaviri təyin edilir.
O, müharibənin sonunu Amerikan işğal zonasında qarşılayıb və ABŞ ordusu tərəfindən SSRİ-yə təhvil verilib. O, SSRİ-ni özünə vətən saymadığından, ittiham olunduğu "vətənə xəyanət" maddəsi ilə sona qədər razılaşmayıb. 1945-ci il iyulun 11-də ona ölum hökmü verilir, 1946-cı ildə edam edilir…
