Sarı Ələkbər — həyatı və yaradıcılığı

Şrift
Sarı Ələkbər — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sarı Ələkbər — həyatı və yaradıcılığı.

Sarı Ələkbər 1874-cü il iyulun 1-də Gəncədəki Xəlfəli məhəlləsidə doğulub. Sarı İmanqulu oğlu Ələkbər 1905-ci ildə "Difai" milli təşkilatının üzvü olub, bir qədər sonra Gəncə Milli Komitəsinin aparıcı şəxslərindən olmaqla onun iki zərbə dəstəsindən birinə başçılıq edib. AXC-nin hakimiyyəti dövründə taqım komandiri, daha sonra polis idarəsi rəisinin müavini işləyib.

Gəncə üsyanının başçılarından biri Cahangir bəy Kazımbəy öz xatirələrində 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Balabağban məscidində partizan dəstələrinin rəhbərləri Sarı Ələkbər və Qaçaq Qəmbərlə üsyana başlamaq haqqında razılığa gəldiklərini qeyd edib. Üsyan zamanı qəhrəmanlıq göstərən San Ələkbər 11-ci Qırmızı ordu hissələrinin tərk-silah olunmasında fəal iştirak edib. 1952-ci ildə Parisdə nəşr olunan "Azərbaycan" jurnalının 2-ci sayında Ceyhun bəy Hacıbəyli Gəncə üsyanının qəhrəmanları sırasında Sarı Ələkbərin də adını çəkib.

Gəncə üsyanı amansızcasına yatırıldıqdan sonra Sarı Ələkbərin qardaşları və yaxın qohumları istintaqsız-məhkəməsiz güllələnib, özü isə böyük çətinliklərlə Trabzona qaça bilib. Oğlanları Qulu, İsmayıl, qızı Brilyant Qazaxıstana sürgün edilib, lakin Sarı Ələkbərin silahdaşları onları 1924-cü ildə gizli yolla Trabzona keçirə biliblər. Gəncədə sovet hakimiyyəti qurularkən Sarı Ələkbərin bütün əmlakı müsadirə olunub.

6 noyabr 1938-ci ldə Qarsda vəfat edib. Dr. Fəthi Tevetoğlu "Mənim gördüyüm bugünkü Rusiya" adlı kitabında Müzəffər Tuğsavul paşadan və bir neçə başqa azərbaycanlıdan Sarı Ələkbər haqqında eşitdiyi xatirəni qeyd edib: "Mürsəl Bakı Paşa komandanlığındakı türk ordusu Bakını almaq üzrə irəliləyərkən Gəncədə bir könüllü alayı qurulmuş, türk silahlı qüvvətlərinə qatılmış.

Bu könüllü alayın başında böyük mücahid gəncəli Sarı Ələkbər bəy idi. Trabzon liseyindəki qardaşımız İsmayıl Sarıyalçının atası olan bu qəhrəman azəri-türk övladı 41 dərəcə atəşlə xəstələnir və Bakıya girmədən yolda buraxılmaq, Gəncəyə geri göndərilmək istənilir. “Mən bu mücadilədə ölməyə gəldim, dönməyə gəlmədim!” deyən bu gəncəli türk övladının alovu və ruhuyla Gəncədən Bakıya gəlinir və şəhərə girilir”…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗