Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yusif Ağaqulu oğlu İbrahimli — həyatı və yaradıcılığı.
Yusif Ağaqulu oğlu İbrahimli 1883-cü ildə Bakının Keşlə kəndində doğulub. Mollaxanada və mədrəsədə təhsil alaraq türk, ərəb, fars və rus dillərini öyrənib. 1900-cü ildə Bakıda açılmış Politexnik Sənaye məktəbini bitirib. Əvvəlcə Mantaşovun, daha sonra isə Şibayevin neft emalı zavodlarında fəaliyyət göstərib.
1911-ci ildə Bakıda gizli şəkildə qurulmuş Müsavat partiyasının ilk üzvlərindən olub. 1913-cü ildə Məmməd Əmin Rəsulzadə Bakıya geri qayıtdıqdan sonra Müsavat partiyasının mərkəzi komitəsinin sədri, Y. İbrahimli isə Müsavat Partiyası mərkəzi komitəsinin katibi seçilir.
1917-ci il oktyabrın 26–31-ə qədər Bakıda, "İsmailiyyə" binasında keçirilmiş Müsavat partiyasının ilk qurultayında və 1919-cu il dekabrın 2-dən 12-dək davam edən Müsavat partiyasının II qurultayında iştirak edib. Aprel işğalından sonra 1920-ci il may ayında Nəsib bəy Yusifbəyli ilə birlikdə Gürcüstana getmək üçün Bakıdan yola çıxıblar. Yevlaxda ayrılaraq fərqli istiqamətlərdə Gürcüstana doğru yol alıblar.
Yusif bəy İbrahimli Sığnaq qəzasında naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. O da Nəsib bəy Yusifbəyli kimi bolşeviklər tərəfindən qətlə yetirilib. Yusif bəy İbrahimlinin dörd qardaşı, bir bacısı olub.
Kiçik qardaşı Bəhram 1918-ci ildə Mart soyqırımında ermənilər tərəfindən öldürülüb. 1937-ci ildə qardaşı Sabit İbrahimli, əmiləri və əmisi uşaqları sürgün olunublar. 1912-ci ildə Ziba Əmrah qızı ilə ailə qurub.
Bu evlilikdən iki qızı, bir oğlu olub. Həyat yoldaşı Ziba Əmrah qızı 1960-cı ildə dünyasını dəyişib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Bakıdakı Çiçerin küçəsinin adı dəyişdirilərək Yusif bəy İbrahimli küçəsi adlandırılıb və burada onun barelyefi qoyulub…
