Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə TARİXÇƏ….
TARİXÇƏ… Tarix dərsliklərində general Yaqub Quliyevin adı Moskva döyuşlərində fərqlənən və 1942-ci ilin dekabrında Stalinqrad ətrafındakı əks-hücum əməliyyatı zamanı həlak olan azərbaycanlı kimi xatırlanır. Bu kiçik məlumata onu da əlavə edək ki, Yaqub Allahqulu oğlu Quliyev 1900-cu il yanvarın 25-də Şuşa şəhərində dünyaya gəlib.
O,1918-ci ildə Mərv şəhərində hərbi kursa yazılır. 1934-cü ildə Daşkənddə Orta Asiya Milli hərbi məktəbində təhsil alır və orada müəllim kimi saxlanılır. 1929-cu ildə Türkmənistanda hərbi məktəbin rəisi təyin olunur. Bəlkə də elə bu səbəbdən də o, müharibədən sonrakı memuarlarda türkmən kimi qeyd olunur.
Hətta dəfni zamanı cəbhə yoldaşları "bu türkmən ulduzu heç vaxt sönməyəcək"-deyirlər. Məhz bundan sonra o, uzun müddət "türkmən" kimi tanıdılıb. O, 30-cu illərdə Orta Asiyada agqvardiyaçılara və basmaçılara qarşı vuruşub. 1942-ci ilin dekabr ayında I süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan general-mayor Yaqub Quliyev Stalinqrad ətrafında döyüşlərin birində ölümcül yaralanır.
Həlak olandan sonra Lenin ordeni ilə təltif olunur. Hər iki generalımızın – Həzi Aslanovun 55-ci Əlahiddə Tank alayı və süvari korpus komandirinin müavini Yaqub Allahqulu oğlu Quliyevin 222-ci süvari alayı faşist feldmarşalı Manşteynin tank ordusunun darmadağın edilməsində qeyri-adi döyüş məharəti göstəriblər. Bu döyüşlərdəki əvəzsiz komandirlik rəşadətinə görə general-mayor Yaqub Quliyev Lenin ordeninə, Həzi Aslanov isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
