Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə TARİXÇƏ. Azərbaycan tarixi dərsliklərində — həyatı və yaradıcılığı.
TARİXÇƏ. Azərbaycan tarixi dərsliklərində 1920-30-cu illərin siyasi hadisələrindən bəhs olunarkən yalnız adı hallanan Nikolay Gikalo əslində kim olub? Məlumat üçün bildirək ki, o, 1897-ci ildə, Xerson quberniyasında, Odessada doğulub. 1915-ci ildə Tiflis hərbi-feldşer məktəbini bitirib.
I Dünya Müharibəsində iştirak edib, "Georgi xaçı" ordeni ilə təltif olunub. 1918-1927-ci illərdə Qafqazda partiya işində çalışıb. 1927-1928-ci illərdə ÜKP (b) MK-nın Orta Asiya bürosunun üzvü olub. 1929–1930-cu illərdə Özbəkistan KP (b) MK-nın katibi, 1929-cu il avqustun 5-dən 1930-cu ilin avqustuna qədər isə Azərbaycan KP (b) MK-nın I katibi vəzifələrində çalışıb.
1930–1931-ci illərdə ÜKP (b) MK-da təşkilat sədrinin müavini, 1932-ci il yanvarın 29-dan 1937-ci il martın 18-nə qədər Belorusiya KP (b) MK-nın I katibi olub. 1937-ci ildən Ukrayna KP (b)-nin Xarkov vilayət komitəsinin I katibi vəzifəsini tutub. 1937-ci il oktyabrın 11-də həbs edilib.
1938-ci il aprelin 25-də SSRİ Ali Məhkəməsinin Matuleviç, Zaryan və Jdandan ibarət Hərbi Kollegiyası onun haqqında ölüm hökmü çıxarıb və güllələnib. Xidmət etdiyi rejimin qurbanı olub. 1955-ci il sentyabrın 2-də Sov. İKP MK-nın qərarı ilə ölümündən sonra bəraət alıb…
