Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev (Rəfizadə) 1888-ci ildə Gəncədə doğulub..
Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev (Rəfizadə) 1888-ci ildə Gəncədə doğulub. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidi nəzdindəki mədrəsədə alıb, 1906-cı ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olub. 1911-ci ildə universiteti bitirib Gəncəyə qayıdıb, şəhər xəstəxanasında həkim işləyib.
1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətinin yaradılmasında iştirak edib. Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniyası üzrə müvəkkili olub. 1917-ci ildə Gəncədə yaradılan "Türk Ədəmi-Mərkəziyyət" partiyasının fəal üzvlərindən olub, 1917-ci il oktyabrın 25-də Bakıda "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib.
Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının (27 may 1918-ci ildən) üzvü olub. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə ikinci müvəqqəti hökumət təşkil edilərkən Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunub. Gəncədə fəaliyyət göstərən Müsəlman Milli Şurasının nəzdindəki qaçqın şöbəsi əsasında Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılmış, oktyabrda AXC hökuməti Bakıya köçərkən bu nazirlik iki nazirliyə-Səhiyyə Nazirliyinə və Himayədarlıq Nazirliyinə bölünmüş, Musa bəy Rəfiyev Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdi.
Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Musa bəy Rəfiyev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilib. 1919-cu il dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 5-ci hökumət kabinetində Səhiyyə və himayədarlıq naziri olub. Musa bəy milli dövlətçiliyi bərpa etmək üçün Gəncə üsyanının (1920) təşkilatçılarından biri olub, üsyan qəddarlıqla yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.
Bir neçə ildən sonra İrana gedib, Təbrizdə klinika yaradaraq, ömrünün axırına qədər orada həkimlik edib. 1938-ci ildə Təbrizdə vəfat edib…
