Vətənim Media xəbər verir ki, “AzerGold” QSC-nin ilk xarici törəmə şirkəti olan “AzerGold Uzbekistan” Özbəkistanda dövlət qeydiyyatına alınıb. Şirkətin əsas layihəsi Qaşqadərya vilayətindəki “Akba” qızıl yatağının kəşfiyyatı və ehtiyatlarının qiymətləndirilməsidir.
Kəşfiyyat işləri üçün tələb olunan icazələrin alınması üzrə prosedurlar davam edir. Lisenziya əldə edildikdən sonra işlərin 18 ay ərzində aparılması nəzərdə tutulur. Bu müddətdə ehtiyatların beynəlxalq JORC standartlarına uyğun qiymətləndirilməsi, metallurgiya sınaqları və ətraf mühitə təsirin qiymətləndirilməsi planlaşdırılır. Nəticələr əsasında yatağın işlənməsinin texniki-iqtisadi əsaslandırması hazırlanacaq.
“AzerGold” ilə Özbəkistanın Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi arasında “Akba” yatağının birgə inkişafına dair çərçivə müqaviləsi iyunun 17-də imzalanıb. Şirkət, “Uzbekgeologorazvedka” və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti isə iyulun 17-də Nəvai və Nurata şəhərləri arasındakı perspektivli sahələrdə kəşfiyyat üçün birgə müəssisə yaradılmasına dair sənəd imzalayıb. Müəssisənin təsis sənədlərinin razılaşdırılması və icazələrin alınması üzrə işlər davam edir.
Əsas mənbə: APA
