Vətənim Media xəbər verir ki, Bakıda keçirilən beynəlxalq görüş çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin rəhbər müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb. Bu barədə Baş Prokurorluq APA-ya məlumat verib.
Tərəflər terrorçuluğa qarşı mübarizədə beynəlxalq səylərin əlaqələndirilməsini, hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsini və təcrübə mübadiləsini müzakirə ediblər. Kamran Əliyev Azərbaycan prokurorluğunun BMT qurumları ilə əlaqələri və birgə praktiki təşəbbüsləri inkişaf etdirməyə hazır olduğunu bildirib.
Görüşdə 2024-cü ilin noyabrında COP29 çərçivəsində keçirilmiş, hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunan tədbirin əhəmiyyəti də qeyd edilib. Tərəflər BMT strukturları ilə qarşılıqlı fəaliyyəti gücləndirmək istiqamətində əməkdaşlığı davam etdirməyə maraq göstəriblər.
Əsas mənbə: APA
