Vətənim Media xəbər verir ki, Azərbaycan Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Qutsanı “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edib. Medal ikitərəfli prokurorluq əməkdaşlığının inkişafına və möhkəmlənməsinə, təcrübə mübadiləsi və qarşılıqlı yardıma verdiyi töhfələrə görə təqdim olunub.
Təltifetmə oktyabrın 29-da Bakıda keçirilən görüş çərçivəsində baş tutub. Tərəflər hüquqi yardım sorğularının icrası, ekstradisiya, təcrübə mübadiləsi və 2027–2028-ci illər üçün əməkdaşlıq proqramının icrası məsələlərini müzakirə ediblər. Görüşdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov da iştirak edib.
Görüşdən əvvəl Aleksandr Qutsan Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Rusiya nümayəndə heyəti daha sonra Azərbaycan Prokurorluğunun Tarix Muzeyinə baş çəkib.
Əsas mənbə: APA
