Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Firudin Mehdiyev — həyatı və yaradıcılığı.
Firudin Mehdiyev 1927-ci il dekabrın 31-də Quba qəzasının Xızı kəndində dünyaya göz açıb.14 yaşında olarkən Bakıdakı leytenant Şmidt adına maşınqayırma zavodunda fəhlə işləyib. Sənətə maraq göstərən gənc zavodda fəaliyyət göstərən dram dərnəyinə üzv yazılıb. Həmin vaxtlar dərnəyə görkəmli aktyor Ağadadaş Qurbanov rəhbərlik edib.
Elə onun təklifi ilə də ilk dəfə dramaturq Mirmehdi Seyidzadənin “Qızıl quş” tamaşasında Bəbir xan rolunu oynayıb. Tamaşadan sonra Ağadadaş Qurbanov Firudin Mehdiyevə Teatr texnikumuna qəbul olunmağı məsləhət görüb. Beləcə, gələcəyin tanınmış aktyorunu böyük səhnəyə aparan yol sözügedən tamaşadan başlayıb.
Teatr texnikumunda oxumaqla yanaşı, Milli Dram Teatrında köməkçi heyətdə çıxış edən gənc aktyor 1944-cü ildə görkəmli sənətkar Şəmsi Bədəlbəylinin dəvəti ilə Musiqili Komediya Teatrında çalışıb. Bir müddət sonra Quba Dram Teatrına işləməyə göndərilib. Quba teatrında bəstəkar Fikrət Əmirovla birlikdə işləməsi, bəstəkarın iştirakı ilə Üzeyir Hacıbəyli ilə görüşməsi onun musiqi məktəbinə düzəlməsinə imkan yaradıb.
Üzeyir bəyin dəstəyi ilə Konservatoriyada hazırlıq qrupuna götürülüb. Vokal imkanları və geniş diapazonlu səsi ilə diqqət çəkən Firudin Mehdiyev Konservatoriyada ustad sənətkar Bülbülün sinfini bitirib, 1957-ci ildən Opera və Balet Teatrında çalışmağa başlayıb. Opera və Balet Teatrının solisti kimi müxtəlif obrazlar canlandıran aktyor Leylinin atası (“Leyli və Məcnun”), Həmzə bəy (“Koroğlu”), Babakişi (“Sevil”), Xan (“Gəlin qayası”), Rəşid bəy (“Xanəndənin taleyi”) və digər rolları ilə teatr ictimaiyyətinin sevgisini qazanıb.
Peşəkar səhnə fəaliyyətinə görə də kinorejissorların diqqətini çəkib. Həmin illərdə yaradıcılıq fəallığı ilə diqqət mərkəzində olan tanınmış rejissor Həbib İsmayılovun dəvəti ilə 1962-ci ildə onun quruluş verdiyi “Böyük dayaq” bədii filmində debüt rolunu (Yastı Salman) oynayıb. Bu filmdəki mənfi obraz ona böyük şöhrət gətirib.
Hətta küçədə görəndə ona sataşanlar da olub. Azərbaycan kinosunda bir neçə kino obrazı ilə tamaşaçıların yaddaşında iz qoyan Firudin Mehdiyev ona həvalə olunan ekran personajlarını böyük şövq və peşəkarlıqla təqdim edib. Rolun xarakterik cəhətlərini, fərdi xüsusiyyətlərini incəliyinə qədər həssasıqla cilalayıb, baş rol iştrakçıları qədər tanınıb, məşhurlaşıb.
Firudin Mehdiyev 1965-ci ildə kinorejissor Tofiq Tağızadə tərəfindən ekranlaşdırılan “Arşın mal alan” kinokomediyasına rol iştirakçısı kimi yox, müğənni kimi dəvət olunub. Musiqili kinokomediyada mahnıları ifa edən Firudin Mehdiyev, Rauf Atakişiyev, Sona Aslanova, Şəfiqə Qasımova kimi müğənnilərin xidmətləri danılmazdır. “Arşın mal alan” filmindən sonra aktyor Vladimir Qorikkerin çəkdiyi “Sevil” (1970) film-operasında əsas qəhrəmanların ariyalarını səsləndirib.
Azərbaycan kinosunda bir neçə filmdə rol alan aktyor Əbdül Mahmudovun quruluş verdiyi “Gecə qatarında qətl” filmində şef – mafiya başçısı, Vaqif Mustafayevin ekranlaşdırdığı “Hər şey yaxşılığa doğru” filmində qara eynəkli qoca rolunu canlandırıb. Filmlərə az çəkilməsinin səbəbini isə opera səhnəsinə daha çox bağlılığı ilə əlaqələndirib. Səhnə fəaliyyəti ilə paralel olaraq Konservatoriyada uzun illər dərs deyən sənətkar Azərbaycan musiqi sənətində iz qoyan məşhur musiqiçilər yetişdirib.
Görkəmli sənətkarlardan Mobil Əhmədov, Yaşar Səfərov, Adil Məlikov, Anatollu Qəniyev, Lütfiyar İmanov, Elmira Rəhimova, Oqtay Ağayev kimi sənətkarlara və digərlərinə musiqi sənətinin sirlərini tədris edib. 1978-ci ilin yanvarın 10-da “Əməkdar artist” fəxri adına layiq görülüb. Ömrünün sonlarına yaxın Bakı Bələdiyyə Teatrında da çalışıb.
2006-cı il fevralın 1-də (78 yaşında) Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!
