Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov sosial şəbəkə və digər internet resurslarında böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlərin yazılı şəkildə birinci instansiya məhkəməsinə təqdim edilməli olduğunu bildirib. Ümumi qaydaya əsasən, şikayət cinayətin törədildiyi yer üzrə verilir. Lakin media və internet resursları ilə bağlı məhkəmə aidiyyəti ayrıca qaydalarla müəyyən olunur.
Ali Məhkəmə Plenumunun 2014-cü il 21 fevral tarixli qərarına əsasən, resursun hüquqi ünvanı məlumdursa, aidiyyət həmin ünvan nəzərə alınmaqla müəyyən edilir. Ünvan məlum deyilsə və ya resurs xaricdə qeydiyyatdadırsa, şikayət məlumatı yayan şəxsin Azərbaycandakı son yaşayış yeri üzrə verilir. Hakim Facebook-da yayılan məlumatla bağlı nümunədə də platformanın xaricdə qeydiyyatda olduğunu və paylaşımın Bakıda, yaxud başqa yerdə edilməsinin aidiyyəti dəyişmədiyini qeyd edib.
Fuad Axundov paylaşımın keçidinin, hesab və ya kanal adının, yayım tarixinin, mətnin və video materialların qorunmasını tövsiyə edib. Şikayətdə, həmçinin, mübahisələndirilən konkret ifadələr, tərəflərin məlumatları, hadisənin yeri, vaxtı və şəraiti, eləcə də əməli həmin şəxsə aid edən sübutlar göstərilməlidir. Forma və məzmuna dair tələblər Cinayət-Prosessual Məcəllənin 293.3.1–293.3.7-ci maddələrində müəyyən edilib.
Əsas mənbə: APA
