Vətənim Media xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Tbilisidə 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir təşkil edib. Vaxtanq Salaridze adına konsert zalında keçirilən mərasimdə Türkiyə, Türkmənistan və Qazaxıstanın Gürcüstandakı səfirləri, Gürcüstan parlamentinin üzvləri, azərbaycanlı icmanın nümayəndələri və Gürcüstan əsilli şəhidlərin yaxınları iştirak ediblər.
Tədbirdə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirilib, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında qələbədən, azad edilmiş ərazilərdə aparılan bərpa işlərindən və Gürcüstandakı azərbaycanlıların müharibə dövründə göstərdiyi dəstəkdən danışıb. Türkiyənin səfiri Mustafa Türker Arı da Zəfər Günü münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsini anıb və qazilərə şəfa diləyib.
Mərasimin sonunda “Era Teatrı”nın “Koordinat 44” tamaşasının premyerası keçirilib. Tamaşa səfirliyin təşəbbüsü və Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin dəstəyi ilə hazırlanıb.
Əsas mənbə: APA






