Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə doğulub..
Ələkbər Seyfulla oğlu Seyfi 19 mart 1901-ci ildə Tiflisdə doğulub. Ailəsinin imkanı olmadığı üçün müəyyən imtiyazlar əsasında təşkil edilən və fars dilində tədris olunan "İttifaq" məktəbinə verilib. Mustafa Mərdanov ilə yaxın ərazidə yaşayan Ələkbər Seyfi həvəskar tamaşaları izləyərək teatrla tanış olub.
Səhnəyə isə ilk dəfə 13 yaşında, 1914-cü ilin əvvəllərində Tiflisə qastrola gələn Hüseyn Ərəblinski və Əbülfət Vəlinin də iştirakı ilə səhnəyə qoyulmuş Şəmsəddin Saminin "Dəmirçi Gavə" tamaşasında Bəhram rolunda çıxıb. 1918-ci ilədək səhnə fəaliyyəti dram dərnəklərində çıxış etməkdən ibarət olan Ələkbər Seyfi Tiflisdə "İbrət" dram cəmiyyətinin yaradılmasında yaxından iştirak edir, həvəskar aktyor kimi komik rollarda çıxış edir. "İttihad" və "İbrət" cəmiyyətlərinin birləşməsindən sonra yeni truppada idarə heyətinə Əlimirzə Nərimanov, İsmayıl Həqqi və Ələkbər Seyfi daxil edilirlər.1921-ci ildə Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflis Dövlət Türk Dram Teatrı açılır, Ələkbər Seyfi bu teatrın tərkibinə daxil edilərək 1922-ci ildə Türkiyədə, 1926-cı ildə isə Orta Asiyada qastrol səfərlərində olur.
Ələkbər Seyfi aktyorluqla yanaşı, 1922–1929-cu illərdə Tiflis Teatrında müdir müavini də işləyib, "Yeni fikir" qəzetində həm şöbə müdiri, həm də tərcüməçi, "Dan ulduzu" jurnalında isə tərcüməçi vəzifələrində çalışıb, 1928-ci ildə yeni Azərbaycan əlifbası komitəsinə üzv seçilib və bu səbəbdən bir neçə aylıq teatrdan ayrılıb. 1929-cu ilin əvvəllərində Məmmədsadıq Əfəndiyev və Mustafa Quliyev tərəfindən Bakı Türk İşçi Teatrına dəvət edilən Ələkbər Seyfi həmin ilin iyununda Bakıya köçərək aktyor kimi işə başlayır, bir ay sonra ədəbi hissə müdiri, bir neçə ay sonra isə bədii hissə üzrə direktor müavini təyin olunur.1930–1931-ci il mövsümündən başlayaraq o, teatrın direktoru vəzifəsini icra edir.1932-ci ildə Bakı İşçi Teatrı Gəncəyə köçürüldükdə Ələkbər Seyfi də truppa ilə birlikdə ora gedərək yaradıcılığını davam etdirir, 1938-ci ilin fevralınadək bu teatrın direktoru olur. Ələkbər Seyfi 1938-ci ilin fevral ayında həbs edilərək Sibirə sürgün edilir.
İttiham da ondan ibarət olur ki, guya o, M. C. Bağırovun da iştirak edəcəyi tədbirin keçirildiyi binanı partlatmaq və ölkə rəhbərinə qarşı sui-qəsd planında iştirak etməyi planlaşdırırmış.
O, 19 illik sürgün həyatından sonra, 1956-cı ildə bəraət alaraq yenidən Gəncə Dövlət Dram Teatrına qayıdır.1956–1962-ci illərdə aktyor, 1962–1965-ci illərdə isə direktor kimi fəaliyyət göstərir. Ələkbər Seyfi aktyorluqla yanaşı, teatr üçün bir sıra tərcümələrin müəllifidir. O, Rabindranat Taqorun "Fəlakət" romanı üzrə səhnələşdirilmiş "Qanq qızı", Lope de Veqanın "Kələkbaz sevgili", Gilyerme Fiqeyredonun "Tülkü və üzüm", Fridrix Şillerin "Qaçaqlar" və "Məkr və məhəbbət", Aleksandr Yujinin "Qızıl quş və qarğa", Vasili Şkvarkinin "Özgə uşağı", Arkadi Vasilyevin "Uzadılmış ezamiyyət", Hüseyn Muxtarovun "Şeytan nəsli", Viktor Rozovun "Sabahın xeyir", Bertolt Brextin "Üç qəpiklik opera", Georgi Mdivaninin "Konsulu oğurlayırlar" və başqa pyesləri Azərbaycan dilinə tərcümə edib və həmin əsərlər səhnəyə qoyulub.
Teatr fəaliyyəti ilə tanınan aktyor bir neçə ekran obrazları da ifa edib. O, "Azərbaycanfilm" kinostudiyasında "Səhər" (mürəttib), "Qanun naminə" (qoca kəndli), "Uşaqlığın son gecəsi" (İsmayıl dayı), "Mən ki gözəl deyildim" (hesabdar) filmlərində çəkilib. Tamaşaçıların yaddaşında daha çox "Uşaqlığın son gecəsi" filmindəki İsmayıl dayı kimi qalan Ələkbər Seyfi 8 dekabr 1977-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat edib.
Gəncənin Bağbanlar məhəlləsindəki Fəxri xiyabanda dəfn olunub… RUHU ŞAD OLSUN!
