Vətənim Media xəbər verir ki, Livanın “Janoubia” portalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri ölkənin cənubunda azı beş yaşayış məntəqəsində “Hizbullah”a məxsus olduğu bildirilən obyektləri vurub. Zərbələr Kfar-Tibnit, Mayfadun, Markaba, Tallus və Əl-Kantaranı hədəf alıb. İsrailin pilotsuz uçuş aparatları Deyr-Mimas və Əl-Cermak ərazilərindəki yerüstü hədəflərə də raket zərbələri endirib.
Livanın yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, hücumlar sakinlərin zeytun yığdığı gündüz saatlarında baş verib və xəsarət alanlar var. Yaralıların sayı dəqiqləşdirilir. İsrail artilleriyasının atəşi zamanı Zautar əş-Şərqiyyə, Məcdəl-Zun, Haddata, Haris və Əl-Məcali yaşayış məntəqələrinin ətrafına mərmilər düşüb.
Əsas mənbə: APA
