Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Cardarelli münaqişənin uzanacağı halda neftin bir barelinin 2027-ci ildə 130 dollara yüksələ biləcəyini bildirib. O, bu ehtimalı Fondun regional iqtisadi icmalının təqdimatında açıqlayıb.
IMF-nin baza ssenarisində neftin orta qiymətinin 2026-cı ildə 96 dollar, 2027-ci ildə isə 86 dollar olacağı proqnozlaşdırılır. Bu ssenari münaqişənin səngiməsini və Körfəz regionunda enerji istehsalı ilə ticarətin tədricən normallaşmasını nəzərdə tutur. Alternativ ssenaridə isə hasilatın gündəlik əlavə 4 milyon barel azalması və təchizat fasilələrinin davam etməsi ehtimal olunur.
Cardarelli bildirib ki, münaqişənin uzanması enerji idxal edən ölkələrin xərclərini artırar və inflyasiyanı baza ssenarisi ilə müqayisədə təxminən 1 faiz bəndi yüksəldə bilər. O, ABŞ-da süni intellekt sektorunda ciddi bazar korreksiyasının qlobal tələbi zəiflədə, neft qiymətlərini isə baza ssenarisindən 30 faiz aşağı sala biləcəyini də qeyd edib.
Əsas mənbə: APA
