Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fateh Mirzə Möhsün oğlu Fətullayev — həyatı və yaradıcılığı.
Fateh Mirzə Möhsün oğlu Fətullayev 1909-cu ildə Lənkəranda doğulub. Fateh Fətullayev ailənin böyük oğlu idi. Onun əsl adı Fətulla olub.
Ancaq görkəmli şair Hüseyn Cavidin təkidi ilə adını dəyişərək Fateh qoyub. Fateh Fətullayev teatr tamaşalarında maraqlı rollar oynayıb, 20-yə yaxın filmdə rol alıb. Onun ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır.
"Ögey ana" filmində İsmayılın ögey bacısı Cəmilə rolunu canlandırmış aktrisa Sevinc Axundova Fateh Fətullayevlə bağlı xatirəsində deyir: "Filmdə mənim atam Arifi canlandıran Fateh Fətullayev çox gözəl insan, istedadlı aktyor idi. Filmdəki atam və anam hər zaman mənə və digər uşaqlara dəstək olurdular. İndiki zamanda mərhum Fateh müəllimin qızı Zemfira xanımla da münasibətlərim var.
İmkan daxilində görüşür, əlaqə saxlayırıq". Onun qardaşı Nüsrət Fətullayev (1911-1987) tanınmış rəssam olub və Azərbaycan milli teatr rəssamlığının formalaşmasında böyük xidmətlər göstərib. Nüsrət Fətullayevin həyat yoldaşı Hökümə Qurbanova Azərbaycanın məşhur aktrisası və SSRİ xalq artisti idi.
Qızı Vəfa Fətullayeva da tanınmış aktrisa olub və cavan yaşında vəfat edib. Digər qardaşı Şəmsəddin Fətullayev (1913-1975) konservatoriyada təhsil alıb. Bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, Musiqili Komediya Teatrında baş dirijor işləyib.
Bəstəkarlar İttifaqının üzvü idi. Sonuncu qardaşı Nurəddin Fətullayev (1916-1973) Bəstəkarlar İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə müdiri işləyib.
Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev də aktyor və rejissor idi. Tənqidçi-alim Vaqif Yusifli Fətullayevlər sülaləsindən bəhs edən "Bir ağacın altı budağı" adlı oçerkində yazır: "Ögey ana" yeganə filmdir ki, baxmaq istədikcə baxırsan. Baxırsan, kövrəlirsən, yanırsan, yaxılırsan, sonda uşaq kimi sevinirsən.
Tamaşaçını belə haldan-hala salan Fateh Fətullayevlə (Arif) Nəcibə Məlikovanın (Dilarə) qeyri-adi oyun tərzləridir. Bu qüdrətli ifa tərzlərindən, bu cütlüyün ecazkar məharətindən təlqin olunan halətlər isə tamaşaçını ekrana daha yaxın oturmağa vadar edir. Balaca İsmayılın (Ceyhun Mirzəyevin) dəcəlliyi də, şətəlliyi də, pintiliyi də, dərslərindın geri qalması da, yoldaşlarına, xüsusilə bacısına amansız olması da, valideynlərinin sözünə məsuliyyətsiz yanaşması da Fateh Fətullayev və Nəcibə Məlikova cütlüyünün ifa maneralarının qüdrətindən yaranan bədii məntiqin fonunda tamaşaçıların içini göynədir, onları mütəəssir edir…
"Ögey ana" filmində Fatel Fətullayevin oynadığı Arif rolu aktyorun öz səsi ilə deyil, kadr arxasında qalan Azərbaycanın xalq artisti Əli Zeynalov tərəfindən səsləndirilib. Fətullayevlər sülaləsi ilə bağlı araşdırmanın müəllifi, yazıçı Nurəddin Ədiloğlu bildirir ki, bu nəsil istedadı ilə Azərbaycana başucalığı gətirib. Teatr səhnəsində elə tamaşalar olub ki, həmin tamaşaların bütün ağırlığını Fətullayevlər öz çiyinlərinə götürüblər.
Məsələn, 1976-cı ilin yanvarında Seyfəddin Dağlının "Mənziliniz mübarək" komediyasının quruluşçu rəssamı Nüsrət Fətullayev və aparıcı rollardan birini oynayan Fateh Fətullayev (Elgün rolunda) idi. Təxminən, bir ay sonra, yəni fevral ayında Xalq şairi Səməd Vurğunun "İnsan" pyesində əsas rollardan birini Fateh Fətullayev (Polkovnik Hans rolunda), birini Nüsrətin həyat yoldaşı Hökümə xanım, birini onların əziz övladı Vəfa Fətullayeva (həkim Dildar rolunda), birini isə bu ailənin bəstəkar övladı Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev (alman zabiti rolunda) oynayıb. Belə faktlara isə həyatda çox nadir hallarda rast gəlmək mümkündür.
Fətullayevlər sülaləsinin timsalında qeyd olunan bu nadir hadisəni yazıya almaq, oxucuya, teatr həvəskarlarına çatdırmaq ilk növbədə bizim – qələm sahiblərinin mənəvi borcudur…". Fateh Fətullayev 1986-cü ilin mayın 4-də Bakı şəhərində vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!
