Vətənim Media xəbər verir ki, APA-ya açıqlama verən Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərbaycanın 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etməsi təklifinin qəbulunu Avropanın ölkəyə etimadının göstəricisi kimi qiymətləndirib. O, İrlandiyanın paytaxtı Dublində keçirilən IX Zirvə toplantısında 50 dövlət və hökumət başçısının iştirakını Azərbaycanın beynəlxalq siyasi proseslərdə artan rolunun göstəricisi sayıb.
Kılıçın fikrincə, Azərbaycanın enerji təhlükəsizliyinə və nəqliyyat əlaqələrinə verdiyi töhfələr, eləcə də Cənubi Qafqazda təhlükəsizlikdəki rolu ölkənin nüfuzunu artırır. O, Prezident İlham Əliyevin Avropa liderləri ilə görüşlərini və Azərbaycanla Böyük Britaniya arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasını da zirvənin əhəmiyyətli nəticələri sırasında qeyd edib.
Sabiq səfir İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün sülh prosesinə töhfə verə biləcəyini bildirib. Kılıç görüşdə Zəngəzur dəhlizi, sülh prosesi və nəqliyyat məsələlərinin müzakirə olunduğunu deyib, Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını arzuladığını vurğulayıb.
Əsas mənbə: APA
